“XalqTV”-nin qonağı ədəbiyyatşünas Tərlan Quliyevdir
Həyatın güzgüsü olan ədəbiyyat onun gerçəkləri ilə bərabər, insanların arzu-istəklərini, xəyallar aləmini də əks etdirir. Poeziya, nəsr və dramaturgiya əsərləri oxucu zövqlərinin inkişafına xidmət göstərir, onların mənəvi aləmini zənginləşdirir. Ədəbiyyatşünaslıq isə bu sahələrin tarixi, uğur və hədəflərin tədqiqi, inkişaf xüsusiyyətləri ilə bağlı araşdırmalar aparır, zamanın tələbləri kontekstində yönləndirmə ilə məşğul olur.
Ədəbiyyatımızın qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi bu sahə üçün daim aktualdır. “Xalq TV”-nin studiyasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının humanitar elmlər kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Tərlan Quliyevlə söhbətimiz çağdaş poeziyamızın, o cümlədən onun geniş tədqiq etdiyi əruz vəzninin hazırkı durumu haqqındadır.
– Tərlan müəllim, bilirik ki, sizin Azərbaycan klassik poeziyası, xüsusilə də əruz vəzni haqqında ciddi araşdırmalarınız var. “Anadilli şeirimizin poetik inkişaf yolu”, “Əruz və qafiyəşünaslıq tarixi”, “Əruzun təcrübi məsələləri” kimi kitabların müəllifisiniz. Eyni zamanda, siz “Kitabi Dədə Qorqud”un Vatikan nüsxəsinin tədqiqatçısısınız. Şəmsəddin Məhəmməd bin Qeys ər-Razinin “Əl-Möcəm” əsəri ilə bağlı araşdırmalarınız da diqqətə layiqdir. Ümumiyyətlə, ədəbiyyatşünas kimi klassik söz sənətimiz və çağdaş ədəbi proses barədə nə deyə bilərsiniz?
– Biz mənəvi oksigenimizi elm, təhsil vasitəsilə ədəbiyyatdan alanlarıq. Əgər 2-ci dəfə dünyaya gəlmək şansımız olsaydı, bütün çətinliklərə baxmayaraq, yenə də bu sahəni seçərdik. Missiyamız ədəbiyyatın, dilin, ədəbi-elmi fikrin tarixi və bugünü haqqında xalqımıza yeni məlumatlar çatdırmaqdır. Qeyd etdiyiniz kimi, mən əsasən əruz vəznini araşdırıram. Doğrudur, əruz vəzni ərəb mənşəlidir, amma Nizamidən üzübəri, bizim böyük şairlərimiz onun inkişafına milli töhfələr veriblər. Dahi Nizami fars dilində, fars əruzunda elə işlər görüb ki, öz ana dilində yazan fars şairləri onu bacarmayıblar. “Nizami İli”ndə “Nizami Gəncəvi – səri bəhri” adlı bir məqalə yazmışdım. Orada göstərmişdim ki, bu, çox yüngül bəhrdir və bu bəhrdə irfani-fəlsəfi bir poema yazmaq çox çətindir. Amma Nizami bunu edib və farsdilli ədəbiyyatda böyük bir ənənənin əsasını qoyub. Bizim Nizaminin yaradıcılığı fars ədəbiyyatı üçün bir dərsdir, məktəbdir.
Nizamidən sonra Nəsimi, daha sonra Füzuli əruzu dilimizə o qədər gözəl uyğunlaşdırıblar ki, sonrakı dövr şairlərinin ana dilimizdə, əruz vəznində yazdığı şerlər bizə bu qədər doğma gəlir. Burda artıq deyə bilmirsən ki, əruz gəlmədir, alınmadır. Bu, həm də bizim şairlərimizin çox böyük istedadı sayəsində mümkün olub.
– Əsasən, hecada yazan şairlərimizin də gözəl qəzəlləri olub və var. Molla Pənah Vaqif bunun heç də asan bir iş olmadığını vurğulasa da, özü gözəl nümunələr yaradıb. Bir şeirində təvazökarlıqla yazmışdı:
Xəyal etmişdi Vaqif kim, rəvan bir xoş qəzəl yazsın,
Rəvan olmuşdu qasid kim, bunu ancaq xəyal etdi.
Lakin şair bu çətinliyin öhdəsindən bacarıqla gəlib...
– Elədir ki, var. Həqiqətən də, qəlibi çox olan əruz dünya ədəbiyyatında işlənən ən kamil vəznlərdən biridir. Əruzun iki növü var. Biri şairlərin istifadə etdiyi təcrübi əruzdur, digəri də nəzəri əruz. İkincisi ilə biz şairlərin istifadə etdiyi əruzu elmi cəhətdən tədqiqata cəlb edirik. Əgər hansısa bir qəzəldə yanlışlıq olub-olmadığını yoxlamağa ehtiyac yaransa, elmin bu qoluna müraciət etmək lazımdır. Nəzəri əruzun banisi 8-ci əsr dahi ərəb filoloqu Xəlil ibn Əhməddir. O, elə bir nəzəri sistem yaradıb ki, burada 3-cü şəxsin fikrini soruşmağa ehtiyac yoxdur. Qəlibləri qoyduqda şeirin ölçülərə üyğun olub-olmaması üzə çıxır. Sonradan əruzdan əsər yazan alimlər bu nəzəriyyəni şeirin tərəzisi, ölçü vahidi kimi qəbul edirdi.
– Universitet illərindən onu da xatırlayırıq ki, bəhrlərin qəlibləri “failatun, failatun, failun” formaları asan qavranılsın deyə bəzi tətdiqatçılar onu “dil qələm dil, dil qələm dil, dil qələm” kimi ifadələrlə əvəz ediblər...
– Bunu mənim ustadım Əkrəm Cəfər edib. Brinci variantdakı sözlərin hamısı məzmunsuzdur. Əkrəm Çəfərin yanaşması isə özünəməxsusdur. Tarixdə də belə yanaşmalara rast gəmək münkündür. “Tən tənə, tən tən tənə”, “dah dadah, dahdah dadah” kimi nümunələr də var.
– Bu yol bizi aparıb meyxanaya çıxarmaz ki?
– Çıxarar. Əruzda, bütövlükdə, 19 bəhr var. Azərbaycan şairləri bunun 12-dən istifadə ediblər. Bunlar Əkrəm Cəfərin tədqiqatlarında qeyd edilib. O, ömrünün sonunadək əruzu, Azərbaycan qəzəllərini araşdırırdı. Gözdən qaçan, diqqətdən kənarda qalan vəznləri tapıb üzə çıxarırdı. Geniş istifadə edilməyən bəhrlərdə yazılan şeirlər bizim dilimizdə çox ağır, ləng səslənir, onlar ərəb dilinə daha çox uyğundur. Məhz buna görə də şairlərimiz nümunəsi çox olan bəhrlərdən istifadə ediblər. Məsələn, Səməd Vurğun yaradıcılığında cəmi iki bəhr var: həcəz və rəməl.
– Səməd Vurğunun özünə ustad saydığı Molla Pənah Vaqifin əruz yaradıcılığı barədə bir-iki kəlmə deyərdiniz. Əksəriyyət onu heca vəznində yazan şair, qoşma, gəraylı, təcnis ustası kimi tanıyır. Amma Vaqifin əruzda da mükəmməl qəzəlləri var.
– Xalqımızın poetik təfəkkürü ilə fəxr etmək olar. Bizim şairlərimiz həm əruzda, həm də heca vəznində gözəl əsərlər yazıblar. Bu hər xalqın söz ustasının bacardığı bir iş deyil. İlk dəfə Xətai həm hecada, həm də əruzda yazıb. Vaqif isə bu ənənəni daha da inkişaf etdirdi və yüksək zirvəyə çatdırdı. Vaqif heca vəznində ayrı bir ustadlıq səviyəsindədir, əruzda ayrı. Hər iki vəzndə belə mükəmməl olmaq möcüzəyə bərabərdir. Vaqif heca vəzinli ədəbiyyatımızn istiqamətini dəyişdi, lakin əruz vəznində klassikaya sadiq qaldı.
– Tərlan müəllim, bu söhbətimiz Şuşada Vaqif Poeziya Günlərinə təsadüf edir. Buradan həmin poeziya bayramının iştirakçılarına, çağdaş qələm sahiblərimizə üz tutmalı olsaydınız, nə deyərdiniz?
– Əvvəla, fəxr edirəm ki, 44 günlük Zəfər yürüşü ilə rəşadətli ordumuz Qarabağı erməni işğalından azad etdi və bütün nailiyyətlərlə yanaşı, Vaqif Poeziya Günləri də bərpa olundu. Amma igidlərimiz bu qələbə naminə canlarından keçdilər, ana və bacılarımız gözüyaşlı qaldılar. Qoy, qələm sahiblərimiz, bax bu barədə daha böyük, mükəmməl əsərlər yazsınlar.
– Maraqlı müsahibəyə görə sağ olun!
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

