Ölkəmiz süni intellekt ideyalarına əsaslanan yeni sosio-texnoloji inkişaf mərhələsinə keçid ərəfəsindədir

post-img

Bu gün bütün dünyada Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir. Məqsəd informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin genişləndirilməsi, eyni zamanda, rəqəmli fərqliliyin aradan qaldırılması üçün məlumatlılıq səviyyəsinin yüksəldilməsidir. İKT mövzusu qəzetimizdə də geniş işıqlandırılır, müxtəlif səpkili yazılarla yanaşı, tematik səhifələr də hazırlanır. 

Bugünkü sayımızda isə AMEA-nın vitse-prezidenti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyevin süni intellektin yaranma tarixi, inkişaf mərhələləri və müasir vəziyyəti, ölkəmizdə bu istiqamətdə aparılan tədqiqatlar, həyata keçirilən dövlət siyasəti, eləcə də süni intellektin inkişaf perspektivləri ilə bağlı geniş müsahibəsini təqdim edirik:

– Rasim müəllim, əvvəlcə istər­dik ki, bütün dünyada aktual olan, cəmiyyətdə böyük maraq doğuran süni intellekt texnologiyalarının meydana gəlməsi və inkişafı ilə bağ­lı bir qədər məlumat verəsiniz.

– Ümumiyyətlə, tarixə nəzər saldıq­da süni intellektlə bağlı müxtəlif dövr­lərdə bir sıra fantastik mülahizələrə rast gəlmək olar. Məsələn, elmi fantastika ilə məşğul olan tanınmış alimlərdən biri Ayzek Azimov “Mən, Robot” adlı əsərində süni intellektlə bağlı müəyyən mülahizələr və ideyalar irəli sürmüş, eyni zamanda, robotların yaradılması və istismarı ilə bağlı təməl prinsipləri­ni formalaşdırmışdır. A.Azimov “Robot texnikası qanunları”nda hər bir robotun insanla ünsiyyət qurarkən riayət etməli olduğu bir sıra qaydalar müəyyənləş­dirmişdir. Bu qaydalarda deyilirdi ki, robot insan sağlamlığına heç bir zərər vurmamalı, həyat üçün təhlükə yarat­mamalı, insanın verdiyi bütün əmrlə­ri yerinə yetirməli, eyni zamanda, öz mövcudluğunu qorumalıdır. 

A.Azimovun irəli sürdüyü müla­hizələr bu gün də aktualdır. Ötən əs­rin 40-cı illərindən sonra bu fantastik fikirlərin həyata keçirilməsi üçün real elmi-nəzəri və texnoloji platforma ya­ranmağa başladı. Belə ki, elm və tex­nologiyanın sürətli inkişafı kompüterin meydana çıxmasına səbəb oldu. Artıq alimlərdə belə bir fikir formalaşdı ki, əgər kompüter hesablama və məntiq əməliyyatları aparırsa, bəs bu qur­ğu düşünə, qavraya, qərar qəbul edə bilərmi? Bu kimi mülahizələr süni in­tellektin meydana gəlməsi üçün stimul yaradırdı. Burada xüsusilə tanınmış alim Alan Türinqi xatırlamaq yerinə düşər. Türinqin 1950-ci ildə çap etdir­diyi “Hesablama maşınları və intellekt” adlı məqalə süni intellekt nəzəriyyə­sinə əhəmiyyətli töhfə olmuşdur.

Bununla yanaşı, əlbəttə ki, digər məşhur alimlər də süni intellektlə bağ­lı fundamental fikirlər irəli sürüblər. Dünya şöhrətli alim, professor Lütfi Zadə də 1950-ci illərdə süni intellekt məsələlərinə diqqət yönəltmişdir. Süni intellekt nəzəriyyəsinə aid ilk elmi əsər­lərdən biri Zadə tərəfindən 1950-ci ildə ABŞ-ın Kolumbiya Universitetində çap olunmuşdur. Hələ Kolumbiya Univer­sitetində təhsil alarkən o, kompüterin düşünmək qabiliyyəti ilə bağlı artıq fantastik yox, real mülahizələr irəli sür­müşdür. 

Onu da qeyd etmək lazımdır ki, süni intellekt bir termin kimi 1956-cı ildə ortaya çıxmışdır. Belə ki, dünyada kompüter elminin inkişafına mühüm töhfə verən, süni intellekt nəzəriyyəsi­nin formalaşmasında əvəzsiz rolu olan ABŞ alimi Con Makkarti “süni intellekt” terminini ilk dəfə Dartmut Kollecinin yay seminarında səsləndirmişdir. 

Qeyd etmək lazımdır ki, süni intel­lektlə bağlı ideyalar keçən əsrin 50-ci illərinin ortaları və 60-70-ci illərdə o qədər də cəlbedici deyildi. Çünki onun elmi-nəzəri əsasları insanın intellek­tual funksiyalarını öz üzərinə götürə biləcək qədər inkişaf etməmişdi. Yeri gəlmişkən, qeyd edim ki, Lütfi Zadənin 1965-ci ildə “qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiq” nəzəriyyəsini irəli sürməsi süni intellektin inkişafında inqi­labi dəyişikliyə səbəb oldu. Belə ki, Lüt­fi Zadənin bu nəzəriyyəsi digər ənənə­vi məntiq nəzəriyyələri ilə müqayisədə daha ümumi, insan düşüncəsinə daha yaxın idi. 

Yuxarıda qeyd edilən bəzi nailiy­yətlərə baxmayaraq, o dövrlərdə süni intellektin inkişafı üçün hələ yetərli elmi baza olmadığından bu sahəyə diqqət o qədər də yüksək deyildi. Lakin 1980-90-cı illərdə qeyri-səlis məntiq nəzə­riyyəsi, süni immun sistemləri, genetik alqoritmlər, xüsusən də, süni neyron şəbəkələri istiqamətləri üzrə aparı­lan tədqiqatlar süni intellektin yenidən “çiçəklənməsinə”, sürətlə inkişaf etmə­sinə və onun elmi-nəzəri əsaslarının yaranmasına gətirib çıxardı. 

Bütün bu nailiyyətlər, eyni zaman­da, kompüter texnologiyalarının inkişa­fı ilə bağlıdır. Kompüter elminin sürətlə inkişaf etməsi, effektiv superkompüter texnologiyalarının yaradılması, müxtə­lif mürəkkəb məsələlərin həll olunması üçün riyazi əsasların işlənilməsi artıq süni intellekt nəzəriyyəsinin praktikada tətbiq olunması üçün böyük imkanlar yaratdı. 

Süni intellektin inkişaf tarixindən danışarkən İnternetin rolunu da xüsusi qeyd etmək lazımdır. Belə ki, süni intel­lekt sistemləri İnternet yaranana qədər ayrı-ayrı avtonom sistemlərdə tətbiq olunurdu. Lakin İnternet meydana çıx­dıqdan sonra artıq yeni virtual reallıqlar yarandı. İnternetin ayrı-ayrı funksiyala­rında, xidmətlərin təqdim olunmasında süni intellekt texnologiyaları geniş tət­biq olunmağa başladı. 

– Bəs Azərbaycanda süni intel­lekt texnologiyalarına nə vaxtdan diqqət ayrılmağa başlanıb. Alimlə­rimiz bu sahədə hansı işləri həyata keçiriblər? 

– Alimlərimiz ötən əsrin təxminən 70-ci illərindən süni intellekt problem­lərinə diqqət yönəltməyə başlayıblar. Həmin dövrlərdə “süni intellekt” termi­nindən geniş istifadə olunmurdu, yal­nız onun ayrı-ayrı məsələlərinin həll olunması üçün müxtəlif nəzəri üsullar işlənilirdi. Məsələn, obrazların tanın­ması, natamam informasiya şəraitində qərar qəbuletmə və idarəetmə, müxtə­lif məsələlər üçün proqnozlaşdırma məsələləri və s. 

Səksəninci illərdən etibarən ölkə­mizdə qeyri-səlis məntiq nəzəriyyəsi­nin tədqiq olunmasına başlanmışdır. O dövrlərdə qeyri-səlis məntiq nəzə­riyyəsi ölkəmizdə neft-qaz sənayesin­də, eləcə də digər müxtəlif sferalarda tətbiq edilmiş və bu istiqamətdə mü­hüm elmi nəticələr əldə olunmuşdur. Azərbaycan alimləri Sovet elminin tər­kib hissəsi kimi süni intellekt nəzəriy­yəsinin elmi-nəzəri əsaslarının inkişaf etdirilməsi, yeni metodların işlənilməsi ilə bağlı araşdırmalar aparır, eyni za­manda, süni intellekt texnologiyaları­nın o dövrdəki potensialından istifadə edərək müxtəlif tətbiqi məsələləri hə­yata keçirirdilər. 

Təsadüfi deyildir ki, bu gün həm Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisələrdə, həm Azər­baycan Milli Elmlər Akademiyasında, həm də digər elm və ali təhsil qurum­larında süni intellekt texnologiyalarına xüsusi diqqət ayrılır. Artıq süni intellekt texnologiyalarının elmi-nəzəri prob­lemləri Azərbaycan elminin əsas priori­tetlərindən biri kimi qəbul olunur, həm­çinin bu sahədə magistrlar, fəlsəfə və elmlər doktorları hazırlanır. 

Ümumiyyətlə, son illərdə alimləri­miz tərəfindən qeyri-səlis məntiq və idarəetmə, süni neyron şəbəkələri, müxtəlif təyinatlı intellektual sistemlər, ekspert sistemləri kimi süni intellektlə əlaqəli mövzular geniş tədqiq olunub və bir sıra müvafiq praktiki innovativ həllər təklif edilib.

Azərbaycan alimləri beynəlxalq elmi əlaqələrini günü-gündən geniş­ləndirir, müxtəlif ölkələrin nüfuzlu elm və təhsil mərkəzləri ilə sıx əməkdaşlıq həyata keçirirlər. Onların süni intellek­tin elmi-nəzəri əsaslarının inkişafı, eyni zamanda, müxtəlif sahələrdə tətbiqi ilə bağlı çox sayda məqalələri beynəlxalq səviyyəli nüfuzlu elmi jurnallarda dərc olunur. Bu nailiyyətlər dünyanın müva­fiq sahə üzrə nüfuzlu reytinq siyahıla­rında da özünü göstərir. 

Hazırda inkişaf etmiş dünya döv­lətlərində olduğu kimi, ölkəmizdə də yeni texnoloji reallıqlar yaranır. Bütün bunlar cəmiyyətimizin inkişafı, ölkə­nin iqtisadi və hərbi potensialının ar­tırılması və təhlükəsizliyinin möhkəm­ləndirilməsinə xidmət edir. Ona görə də, Azərbaycan alimləri fundamental elmi-nəzəri istiqamətdə fəaliyyəti güc­ləndirməklə milli problemlərin həllinə də dəstək verirlər. Bu istiqamətdə apa­rılan araşdırmaların nəticəsi kimi, artıq ölkəmizdə rəqabətədavamlı, yüksək intellektual xüsusiyyətlərə və imkanla­ra malik, müxtəlif təyinatlı smart (“ağıl­lı”) qurğular və sistemlər işlənir. 

– Ölkəmizdə süni intellekt sahə­sində həyata keçirilən dövlət siyasə­tini necə qiymətləndirirsiniz?

– Əvvəla, onu qeyd etmək lazımdır ki, son 20 ildə Azərbaycan Respubli­kasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə qlobal çağırış­lar və IV Sənaye İnqilabı ilə əlaqədar atılan addımlar, “ağıllı şəhər”, “ağıllı kənd”, “ağıllı infrastruktur” konsepsi­yalarının reallaşdırılmasına, xüsusi əhəmiyyətə malik innovativ layihələrin həyata keçirilməsinə diqqət qabaq­cıl texnologiyaların tətbiqinə dövlət siyasəti çərçivəsində geniş dəstək göstərildiyini nümayiş etdirir. Qlobal texnoloji çağırışlar və transformasiya­lar kontekstində dövlət başçısı tərə­findən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər mühüm konseptual sənədlər qəbul olunmuş­dur. Bütün bunlar ölkəmizdə qabaqcıl texnologiyaların, xüsusilə də, süni in­tellekt texnologiyalarının inkişafına bö­yük diqqət yetirildiyini göstərir.

Bu mövzu haqqında danışarkən, İkinci Qarabağ müharibəsində Azər­baycanın istifadə etdiyi müasir silahla­rın əksəriyyətinin süni intellekt texno­logiyalarına əsaslandığını xatırlatmaq yerinə düşər. 

Təsadüfi deyildir ki, müasir dövrdə dünya ölkələrinin strateji potensialının qiymətləndirilməsi zamanı süni intel­lekt texnologiyalarının inkişaf vəziyyə­tinə də xüsusi diqqət yetirilir. Hazırda bu kimi məsələlər inkişaf etmiş ölkələ­rin qarşısında dayanan prioritet və­zifələrdən biri hesab edilir. Belə ki, artıq dünyanın qabaqcıl dövlətləri süni intel­lektin inkişafı ilə bağlı milli strategiyalar qəbul edirlər. Hazırda Azərbaycanda da Süni İntellekt Strategiyasının hazır­lanması istiqamətində işlər görülür, IV Sənaye İnqilabının çağırışlarını rəh­bər tutaraq kompleks tədbirlər həyata keçirilir, məqsədyönlü elmi tədqiqatlar aparılır və müvafiq qurumlar yaradılır.

Digər tərəfdən, ölkəmizdə “yaşıl cəmiyyət” formalaşır, “yaşıl transfor­masiyalar” bütün sferaların inkişafın­da nəzərə alınır. Hazırda cəmiyyətdə “yaşıl təfəkkür”ün formalaşdırılması, ənənəvi enerji mənbələrindən alter­nativ, yaşıl enerji daşıyıcılarına keçid, ölkəmizdə texnoloji infrastrukturun mo­dernləşdirilməsi və intellektuallaşdırıl­ması dövlət siyasətinin mühüm priori­tetlərindəndir.

Bu gün dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycan­da da rəqəmsal transformasiyalar in­san fəaliyyətinin müxtəlif sferalarına nüfuz edir. Azərbaycan qabaqcıl dün­yaya inteqrasiya olunur, inkişaf etmiş ölkələrlə, aparıcı transmilli şirkətlərlə müxtəlif sahələrdə sıx əməkdaşlıq edir. Rəqəmsal transformasiyalar konteks­tində dövlətimizin elektron dövlətə transformasiya olunması, vətəndaş­lara intellektual elektron xidmətlərin göstərilməsi artıq reallığa çevrilmişdir. Rəqəmsal transformasiyaların təsiri nəticəsində insanların da qabaqcıl tex­nologiyalara münasibəti dəyişir. Müasir dövrdə onlar zəruri bilikləri əldə etmək, cəmiyyətin aparıcı və məhsuldar qüvvəsinə çevrilməklə bağlı müəyyən işlər həyata keçirirlər, “elektron Azərbay­can”ın “elektron vətəndaş”ı olmağa çalışırlar. 

– Qeyd etdiniz ki, süni intellekt texnologiyalarının ölkəmizdə geniş tətbiq olunması üçün müxtəlif la­yihələr həyata keçirilir, təşəbbüslər irəli sürülür. Əlbəttə ki, bu, ölkənin sosial-iqtisadi inkişafına, əmək ba­zarına müsbət təsir göstərir, eyni zamanda, müəyyən narahatlıqlara da səbəb olur. Bu kimi məsələlərə Sizin münasibətiniz necədir?

– Ümumiyyətlə, bəşər tarixində in­sanlar hər zaman özlərinə köməkçi ax­tarıblar, öz əməyini yüngülləşdirməyə çalışıblar. İnsanlar həmişə qarşılarına qoyduğu müxtəlif məqsəd və arzula­ra çatmaq üçün yeni qurğular, mexa­niki sistemlər və s. yaradıblar. Bütün dövrlərdə daha yaxşı yaşamağa, yeni imkanlar qazanmağa, təbiətdə və cə­miyyətdə hakim, dominant mövqedə olmağa çalışıblar. Bütün bunlar hər dövrün reallıqlarına və inkişaf səviyyə­sinə uyğun əmək bazarının formalaş­masına, yeni peşələrin yaranmasına, eyni zamanda, bəzi peşələrin sıradan çıxmasına səbəb olub. XXI əsrdə isə bəşəriyyət özü üçün “ağıllı texnoloji xidmətçilər” yaratmaq imkanları əldə edib. Bu gün süni intellektə əsaslanan robotları, dronları insanların “ağıllı tex­noloji xidmətçilər”i hesab etmək olar.

Bəşər tarixində bir neçə sənaye inqilabı baş verib. Şübhəsiz ki, bu sə­naye inqilablarının əsas səbəbkarı və aparıcı qüvvəsi insan zəkasıdır. I Sə­naye İnqilabı buxar maşınının, II Səna­ye İnqilabı elektrikin, III Sənaye İnqilabı elektronikanın, kompüterin və İnterne­tin, IV Sənaye İnqilabı isə süni intellekt, Əşyaların İnterneti və s. texnologiya­ların meydana gəlməsi və inkişafı ilə əlaqədardır. 

Bu gün cəmiyyət həmin innovativ, geniş transformativ gücə malik texno­logiyaların təsiri ilə yeni sosio-texnoloji inkişaf mərhələsinə keçid ərəfəsindədir. Süni intellekt texnologiyaları insanın zə­kasına, əməyinə, fəaliyyətinə xas olan müxtəlif funksiyaları öz üzərinə götür­məkdədir. Beləliklə, obyektiv inkişaf prosesinin təsiri ilə yeni əmək bazarı formalaşır ki, bu da insanlardan yeni ba­carıqlar, qabiliyyət, təfəkkür və davranış tələb edir. Bu gün ölkəmizdə süni intel­lekt texnologiyalarının təsiri ilə istehsal, təhlükəsizlik, nəqliyyat, ticarət, ictimai iaşə və digər sahələrdə onlayn xidmət­lərdən geniş istifadə rəqəmsal platfor­mada əmək bazarının yeni seqmentini formalaşdırır. Artıq iş yerləri virtualla­şır, müxtəlif sahələrdə onlayn fəaliyyət göstərmək imkanları artır. 

Müasir dönəmlərdə əmək bazarının xüsusiyyətləri əvvəlki dövrlərlə müqa­yisədə tamamilə fərqlənir. Bu gün hər bir vətəndaş özü müəyyən bacarıqlara, təcrübəyə malik olmaqla, mobil telefon vasitəsilə bir və ya bir neçə işi həyata keçirə bilər. Çünki artıq mobil qurğular, sadəcə, bir ünsiyyət vasitəsi deyil, on­lar həm də əmək alətinə, iş yerlərinə çevrilib. İnsanlar sosial şəbəkələrdə müxtəlif tədris, reklam-marketinq, məs­ləhət, kommersiya xidmətləri həyata keçirərək qazanc əldə edirlər. Daha bir məqam ondan ibarətdir ki, informasi­ya-kommunikasiya texnologiyalarının və süni intellektin sürətli inkişafı ilə fizi­ki məhdudiyyətli insanlar da əmək ba­zarına cəlb olunur, internet üzərindən fəaliyyət göstərərək öz potensiallarını reallaşdırır, aktiv işçi qüvvəsinə çevril­mək imkanları əldə edirlər. 

Eyni zamanda, virtual əmək bazarı­nın əhatə dairəsi tək ölkə hüdudları ilə məhdudlaşmır. Vətəndaşlarımız qlobal virtual əmək bazarına qoşularaq xarici ölkələrdə iş əldə edir, maddi tələbatla­rını ödəyirlər. 

(ardı var)

 

“Xalq qəzeti”



Müsahibə