Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin ilk 4 ayının yekunları ilə bağlı müşavirə keçirilib. Toplantıda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri iştirak ediblər. Bu barədə redaksiyamıza Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetindən bildirilib.
Müşavirədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin iştirakı ilə Muxtar Respublika Nazirlər Kabineti gördüyü işlər və sosial-iqtisadi göstəricilərə dair hesabat verib. Hesabat məruzəsində büdcə proqnozlaşdırılması, büdcəyə vergi daxilolmaları, sahibkarlara verilən güzəştli kreditlər, “yaşıl enerji” layihələri çərçivəsində görülən işlər, dövlət orqanlarında innovativ texnologiyaların tətbiqinə diqqət yetirilib.
Muxtar respublikada suvarma suyu təminatı sahəsindəki mövcud vəziyyət və problemlər, kənd təsərrüfatı, vətəndaş qəbulu və müraciətləri sahəsindəki vəziyyət və digər bir sıra mövzular geniş müzakirə olunub. Bununla bağlı əlaqədar mərkəzi və yerli icra hakimiyyəti orqanları rəhbərlərinin çıxışları olub.
Sonra nöqsanlar və qarşıda duran vəzifələrdən danışılıb, qarşıdakı hədəflərlə bağlı müvafiq tapşırıqlar verilib.
“Xalq qəzeti”