Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli hadisələrdən biri kimi daxil olmuşdur. Azərbaycan xalqı və onun dövləti Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaqdır. Erməni qəsbkarlarının insanlığa sığmayan qətllərinin, əsirlərə verdikləri amansız və ağlasığmaz işgəncələrinin ifşa olunması, beynəlxalq aləmdə Xocalı soyqırımının düzgün təbliğ edilməsi məqsədilə mütəmadi olaraq soyqırımı şahidlərindən, erməni əsirliyində olmuş həmvətənlərimizdən müsahibələr alınmalı, düşmənin xisləti, başımıza gətirilən müsibətlər gələcək nəsillərə çatdırılmalıdır.
Həmsöhbətim Xocalı soyqırımı şəhidi, “İgidliyə görə” medalı ilə təltif edilmiş Ziyadxan Allahverdiyevin həyat yoldaşı Aidə Allahverdiyevadır. Aidə Hilal qızı 1964-cü il iyulun 5-də Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. 1987-ci ildə Xocalı sakini Ziyadxanla ailə həyatı qurub. Xocalıda xoşbəxt günlər yaşayan ailənin taleyi 1992-ci il fevral ayının 25-dən 26-na keçən o müdhiş gecədə tar-mar olub. Xocalı soyqırımı zamanı həyat yoldaşı şəhid olan, qayınatası, bir qaynı, qaynının oğlu itkin düşən, iki qaynı, qayınanası erməni əsirliyində olan Aidə xanım o müsibətli günləri belə xatırlayır:
– Həyat yoldaşım Ziyadxan Xankəndidə sürücü işləyirdi. Ermənilər dəfələrlə ona təzyiq göstərərək mane olurdular. Buna baxmayaraq, hadisələrin ən qızğın vaxtlarınadək o, işini davam etdirdi. Bir dəfə erməni quldurları Ziyadxanın və başqa üç nəfər azərbaycanlının qarşısını kəsərək, üzərlərinə benzin tökərək yandırmaqla hədələyiblər.
Ziyadxan Xocalı Özünümüdafiə taboruna yazılmışdı. Vətənpərvər, torpağına bağlı, qorxmaz insan idi. Soyqırımı axşamı soyuqdan-şaxtadan yeriyə bilməyən, yorulub taqətdən düşən qocalara, uşaqlara kömək edib.
Ziyadxanı son dəfə görən həmyerlimiz deyir ki, o, ayağından güllə yarası almışdı. Buna baxmayaraq, sonadək avtomatını yerə qoymadı. Döyüş zamanı Ziyadxanın yaxınlığında avtomat səsləri eşitdim. Sonra onu görə bilmədim...
Qayınlarım da torpaqlarımızın keşiyində dayanıblar. Böyük qaynım Mirzə və kiçik qaynım Elşən erməni silahlılarına əsir düşüblər. 18 gün erməni zindanında işgəncələr görüblər. Mirzənin barmağını “sən bu barmaqlarla bizə güllə atmısan” – deyərək, kəsmişdilər. Hər iki qaynımın dişlərini çəngəllə çəkib çıxartmışdılar.
Aidə xanımın sözlərini sakitcə dinləmək çətin idi. O, özü də hər dəfə bu barədə danışanda çox həyəcanlanır:
– Qayınanam Məleykə Mövsüm qızı da bir gün erməni əsirliyində olub. Məleykə xala əsirlik vaxtı oğullarının da əsirlərin arasında olduğunu öyrənib. Onun gözlərinin qarşısında çoxlu əsir öldürdüklərinə görə övladlarının salamat qalacaqlarına inamı qalmayıb. Əsirlikdə insanların başına gətirilən müsibətləri görən ana şükür edib ki, yaxşı ki, mənim gəlinlərim erməni quldurlarına əsir düşməyib.
Qayınlarım elə bir vəziyyətdə gəlib çıxdılar ki, onları tanımaq mümkün deyildi. Aldıqları işgəncələrin yeri, mənəvi zərbələri indi də qalmaqdadır. Ziyadxanın şəhid olmasından qardaşları əsirlikdən azad olunduqdan sonra xəbər tutdular. Bu xəbər onlar üçün çəkdikləri işgəncələrdən dəhşətli oldu.
Qayınanam Məleykə xala, qayınatam Salah kişi, qaynım Novruz, Novruzun 18 yaşına çatmamış oğlu Mahir camaatla birgə canlarını qurtarmaq üçün Kətik meşəsinə tərəf üz tutublar. Qayınatam Salah kişi İkinci Dünya müharibəsində gözündən əlil olmuşdu. O, camaatdan xeyli arxada qaldığı üçün Mahir nənəsinə deyib ki, mən babamı qoyub gedə bilmərəm. Bir qədər sonra ermənilər dinc sakinləri gülləbaran ediblər. Camaat pərən-pərən olub.
Söhbət əsnasında ürəyində 30 ilin ağrı-acısını, intizarını daşıyan Aidə Allahverdiyeva göz yaşlarına qərq olaraq Vətən müharibəsindəki şanlı qələbəmizlə şəhidlərimizin qisasının alındığından qürurla danışdı. Qarabağa Böyük Qayıdışımızla şəhidlərimizin ruhlarının daha da rahatlıq tapacağını qeyd edən Aidə xanım dedi ki, həyat yoldaşının şəhid olduğu yerə gedib oranı ziyarət etmək istəyir...
Bütün xocalılılar kimi, Aidə xanım da hazırda Rusiya sülhməramlılarının nəzarətində olan doğma yurd yerlərinə mütləq dönəcəklərinə əmindirlər. O gün, əlbəttə, yaxındadır.
Sonda xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 fevral tarixli fərmanı ilə Allahverdiyev Ziyadxan Salah oğlu “İgidliyə görə” medalı ilə təltif edilmişdir.
Qalib BƏYMƏMMƏDOĞLU,
“Xocalının səsi” qəzetinin redaktoru