Azərbaycanın pravoslav xristian icmasına

post-img

Hörmətli həmvətənlər!

Müqəddəs Pasxa bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.

Qədim dövlətçilik tarixinə malik olan Azərbaycanda ayrı-ayrı xalqların və etiqadların mənsubları yüz illərdir ki, sülh və əmin-amanlıq şəraitində yaşayır, heç bir ayrı-seçkiliyə məruz qalmadan dil və mədəniyyətini, etnik-mədəni özünəməxsusluğunu qoruyub saxlayırlar. Xalqımıza xas zəngin tolerantlıq ənənələrinin, multikultural dəyərlərin təbliği və təşviqi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Bu gün Azərbaycan Respublikası müxtəlif dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimad mühitinin, demokratik birgəyaşayış prinsiplərinin mövcud olduğu unikal bir məkandır və dünyada sivilizasiyalararası münasibətlərin inkişafına mühüm töhfələr verir.

Cəmiyyətimizdə dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin mədəni özünüifadəsi üçün bərabər imkanlar yaradılmışdır. Təqdirəlayiq haldır ki, ölkəmizin bütün etnik və dini azlıqları, o cümlədən xristian vətəndaşlarımız ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edir, Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə vətəndaşlıq borcunu layiqincə yerinə yetirirlər.

Əziz həmvətənlər!

Dirçəlişin, yeniliyin, mərhəmət və xeyirxahlıq duyğularının rəmzi olan Pasxa bayramı münasibətilə bir daha hər birinizə cansağlığı, xoşbəxtlik, ailələrinizə firavanlıq arzulayıram.

Bayramınız mübarək olsun!

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 may 2024-cü il

Məktublar