Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Çox hörmətli cənab Prezident!
Sizi əlamətdar yubiley – Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ürəkdən təbrik edirəm.
Heydər Əliyev dünya tarixinə Azərbaycan xalqının ümidlərini doğruldan və arzularını həyata keçirən görkəmli siyasi xadim, müasir Azərbaycan dövlətinin banisi kimi daxil olub. O, doğma xalqının layiqli övladı kimi yeni Azərbaycanın – çiçəklənən və qüdrətli respublikanın inkişafının bünövrəsini qoyub.
Heydər Əliyevin Vyetnam və Azərbaycan arasında dostluq münasibətlərinin inkişafına verdiyi böyük töhfəni minnətdarlıqla qeyd etmək istəyirəm. Bu il biz Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Vyetnama səfərinin 40 illiyini qeyd edirik. Səfər çərçivəsində həmin vaxt Vyetnamın ən iri infrastruktur obyekti – Txanq Lonq körpüsü açılıb. Yüzlərlə azərbaycanlı mütəxəssis neft hasilatı sənayesinin qurulmasına kömək üçün Vyetnama göndərildi, minlərlə vyetnamlı Heydər Əliyevin Vyetnama səfərindən sonra Bakıda təhsil almağa gəldi.
Tam əminəm ki, Heydər Əliyevin əsasını qoyduğu irsin davamı kimi, Vyetnam və Azərbaycan rəhbərlərinin dəstəyi, həmçinin Vyetnam səfirliyi əməkdaşlarının səyləri ilə bizim ənənəvi dostluğumuz və çoxtərəfli əməkdaşlığımız daha yüksək inkişaf səviyyəsinə çatmaq üçün yeni impuls qazanacaq.
Cənab Prezident, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və uğurlar, bütün Azərbaycan xalqına isə əmin-amanlıq, sülh, tərəqqi və müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,
Danq Min Xoy
Vyetnam Sosialist Respublikasının
Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri