“Kətanda oyanan hisslər” – sənətin ruhla qovuşduğu məkan

post-img

Sattar Art Qalereyası növbəti uğurlu sərgi layihəsini sənətsevərlərə təqdim edib.

Bakı Fotoqrafiya Evi-ndə “Kətanda oyanan hisslər” adlı rəsm sərgisinin açılış mərasimi baş tutub.

Sərgidə 50 rəssamın əsəri nümayiş olunub. Təqdim olunan tablolar yaradıcı yanaşma, fərdi baxış və daxili hisslərin ifadəsi ilə seçilirdi. İştirakçıların əksəriyyəti peşəkar rəssamlar olmaqla yanaşı, sənətdə öz dəst-xətti və sözünü demiş müəlliflər idi.

Sərginin təşkilatçısı Şəms Səttarzadə çıxışında layihənin əsas ideyasını belə ifadə edib:

“Bu sərginin ərsəyə gəlməsində iştirak edən hər bir rəssama dərin təşəkkürümüzü bildiririk. Onlar öz hisslərini, düşüncələrini və ruhlarını kətana köçürərək bu əsərləri bizə etibar etdilər. Biz isə həmin əsərləri cəmiyyətə təqdim etmək şərəfini yaşadıq.”

“Kətanda oyanan hisslər” adı təsadüfi seçilməyib. Bu sərgi insanın daxili dünyasının rənglərlə danışdığı bir platformadır. Rəssamın kətan qarşısında yaşadığı duyğular – sevgi, sevinc, həsrət, kədər və ani xoşbəxtlik anları – hər bir əsərdə öz əksini tapıb. Bu baxımdan sərgi yalnız vizual deyil, həm də emosional bir təcrübə təqdim edib.

Layihənin özəlliklərindən biri də müxtəlif sənət növlərinin bir araya gətirilməsi olub. Sərgidə yalnız rəsm əsərləri deyil, eyni zamanda keramika, bədii toxuculuq və dekorativ sənət nümunələri də nümayiş olunub.

Sərginin açılış mərasimində Azərbaycan incəsənətinin tanınmış siması, xalq rəssamı, akademik, professor, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Ağəli İbrahimov iştirak edərək layihəni yüksək qiymətləndirib. O, belə genişmiqyaslı sərginin təşkilinin böyük zəhmət və peşəkarlıq tələb etdiyini vurğulayaraq, həm təşkilatçıya, həm də iştirakçı rəssamlara uğurlar arzuladı və təqdim olunan əsərlərin yüksək bədii səviyyəsini xüsusi qeyd edib.

Sərgi həm iştirakçılar, həm də ziyarətçilər tərəfindən böyük maraq və müsbət rəylərlə qarşılanıb. Bu isə layihənin əsas məqsədinə – sənəti insanlarla birləşdirmək missiyasına – uğurla çatdığını göstərir.





















Mədəniyyət