Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Daşkənddə “Uşaq ədəbiyyatı – mədəni dialoqun təməli” şüarı altında “Azərbaycan nağılları” və “Özbək nağılları” kitablarının təqdimatı keçirilib.
Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycandan gələn qonaqlar-Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti, “Təhsil” nəşriyyatının baş direktoru Tural Axundov, rəssam Nərmin Abdullayeva iştirak ediblər.
Səfir Hüseyn Quliyev bildirib ki, ölkələrimiz arasında münasibətlər 14-cü əsrdən başlayıb və bu gün də bütün sahələrdə uğurla inkişaf edir. Dövlət başçılarımızın qarşılıqlı səfərləri münasibətlərimizin inkişafına təkan verir.
Çox xoşdur ki, bu gün Azərbaycan nağılları özbək dilinə, özbək nağılları isə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilib. Belə kitablar vasitəsi ilə özbək uşaqları Azərbaycan, Azərbaycan uşaqları isə Özbəkistan haqqında bilgi əldə edirlər.
Akif Marifli bildirib ki, nəşrlər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə layihəsi əsasında hazırlanıb. Kitablarda Azərbaycan və özbək xalqlarının xalq və müəllif nağılları yer alıb. Nağıllarda xeyir və şər, dostluq, dürüstlük və zəhmət kimi dəyərlər bədii süjetlər vasitəsilə təqdim olunur.O deyib ki, Mədəniyyət Mərkəzinin çap etdirdiyi kitablar təmənnasız olaraq Özbəkistanın kitabxanalarına hədiyyə olunur. Son vaxtlarda ölkə kitabxanalarına mindən artıq kitab verilib.
Şəhla Qəmbərova deyib ki, bu, ilk belə təşəbbüsdür, layihənin ərsəyə gəlməsinə görə Azərbaycan Mədəniyyət Nazirliyinə, səfir Hüseyn Quliyevə və Mədəniyyət Mərkəzinin direktoru Akif Marifliyə minnətdarıq.Əminəm ki, bundan sonra da belə işbirliyi davam edəcək.
Tural Axundov deyib ki, belə kitabların ərsəyə gəlməsində xeyli mütəxəssis çalışır, belə ki, mətn hazırlanır, redaktorlar mətni oxuyur, rəssam mətnlərə uyğun şəkil hazırlayır, sonra çap və korrektura prosesi başlanır.O belə kitablara ehtiyac olduğunu və daha çox dərc edilməsi zəruruliyindən danışıb.
Lalə Qəti və Nərgiz Abdullayeva öz çıxışlarında belə təşəbbüsləri alqışladıqlarını bildiriblər. Qeyd olunub ki, belə layihələr uşaqlar arasında mütaliə marağının artırılmasına, onların yaradıcılıq qabiliyyətlərinin inkişafına, Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Sonra Hüseyn Quliyev qonaqlara AMM-nin diplomlarını təqdim edib.
Təqdimat çərçivəsində Özbəkistandakı Uşaq Kitabxanasında Azərbaycan ədəbiyyatına həsr olunmuş xüsusi guşənin açılışı olub.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd




