Daşkənddə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş seminar keçirilib

post-img

Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin (DDŞU) təşkilatçılığı ilə “Birinci Türkoloji Qurultay – uzaq keçmişimizdən uzaq gələcəyə” adlı elmi-praktik seminar keçirilib.

Görkəmli özbək əsilli Azərbaycan alimi, dilçi, ictimai xadim və 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın (BTQ) təşkilatçılarından biri Xalid Səid Xocayevin xatirəsinə həsr olunan seminar BTQ-nin 100 illiyi münasibətilə təşkil olunub və Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq keçirilib. 

Seminarda Azərbaaycan Milli Məclisi (AMM) sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycaan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, akademik Nizami Cəfərov, AMM-nin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova, filologiya üzrə fəlsəfə doktoru, publisist Azər Turan, AMEA Folklor İnstitutunun böyük elmi işçisi, dosent Aynur İbrahimova, Özbəkistanın elm və təhsil müəssisələrinin nümayəndələri, tədqiqatçılar və tələbələr  iştirak ediblər.

Əvvəl DDŞU-nun prorektoru, professor Qudratilla Omonov Birinci Türkoloji Qurultayın əhəmiyyətindən danışıb, bu ali məktəbin rektoru, professor Gülçöhrə Rixsiyevanın tədbir iştirakçılarına təbrikini səsləndirib.

Hüseyn Quliyev bildirib ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay Türk xalqlarının alimlərini bir araya gətirərək dil, ədəbiyyat, tarix və mədəniyyət sahəsində yeni bir mərhələnin əsasını qoyublar. Bu qurultay türkoloji tədqiqatların sistemli şəkildə inkişafına təkan vermiş, ortaq elmi platformanın formalaşmasına xidmət etmişdir.

Rafael Hüseynov öz geniş və əhatəli çıxışında qurultayın tarixi əhəmiyyəti haqqında ətraflı söhbət açaraq deyib ki, bu gün bizi çox vacib bir mövzu birləşdirir. 1926-cı ildə Bakıda ilk Türkoloji Qurultayın keçirilməsi də, indi bu qurultayın 100 illiyinin keçirilməsi ilə bağlı bu mərasimin baş verməsi də Türk birliyinə, Türk mədəniyyətinə, Türk düşüncəsinə xidmət edir. O məclis eyni dildə danışanların toplantısı deyildi, həm də nümayəndələr arasında yəhudilər də, ruslar da, macarlar da, müxtəlif millətlərin təmsilçisi olan görkəmli alimlər vardı. Amma onların hamısını birləşdirən, eyni ruha kökləyən türkçülük ideyası idi və o ideya onları Bakıya toplamışdı. Ona görə də türkologiya elmi yarandığı vaxtdan həm Şərqi, həm də Qərbi özündə birləşdirib. Akademik deyib ki, 11-ci yüzildə Mahmud Qaşqarlı türkçülüyün ən vacib əsərini “Divani lüğəti-it Türk”ü yaradanda həm gələcək türkologiya elminin, həm linqvistika, etnoqrafiya, filologiya, türk tarixi sahəsindəki araşdırmaların bünövrəsini qoyub. 

Nizami Cəfərov qeyd edib ki, Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsi təsadüfi deyildi, çünki iki il idi ki, Azərbaycanda latın əlifbasına keçilmişdi, qurultayın da əsas məqsədi latın əlifbasının bütün türk dövlətlərində tətbir olunması idi. Bundan başqa qurultayda ondan artıq məsələ müzakirəyə çıxarılmışdı ki, bütün bu məsələlərin zirvəsində latın əlifbasına keçid dururdu.  İkinci qurultayın məhz Səmərqənddə keçirilməsi nəzərdə tutulurdi, təssüf ki, bu, baş tutmadı, belə ki, bir müddət sonra Birinci Türkoloji Qurultay iştirakçılarının tam əksəriyyəti repressiyalara məruz qaldı, özbək əsilli Azərbaycan alimi Xalid Səid Xocayev də bu prosesin içərisində idi. 

Elnarə Akimova bildirib ki, Birinci Türkoloji Qurultayda əlifba məsələsi, ədəbiyyatımıza, tariximizə dair çox mühüm məruzələr təqdim edilib. Belə ki, türk xalqlarının ortaq dil, ədəbiyyat və mədəni irsi, eləcə də bu sahədə aparılan tədqiqatlar, o cümlədən türkologiyanın müxtəlif istiqamətləri üzrə məsələlər müzakirə edilib.

Sonra Azər Turan “Türk xalqlarının tarixindəki ilk elmi yığıncaq”, Aynur İbrahimova “Xalid Səid Xocayevin irsi:Birinci Türkoloji Qurultay və Türk dünyası” mövzularında məruzələr eiblər. 

AMM-nin direktoru Akif Marifli bildirib ki, belə tədbirlərin keçirilməsi türk xalqlarının ortaq elmi və mədəni irsinin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. O deyib ki, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan bu beynəlxalq elmi-praktik seminar Azərbaycan ilə Özbəkistan arasında elmi-humanitar sahədə əməkdaşlığın daha da genişlənməsinə xidmət edir.

Şərqşünaslıq universitetin professoru Rüstəm Şaripov, professorlar Həmdulla Baltabayev, Adxambek Alimbekov, Marufjon Yuldaşov, filologiya elmləri doktoru Salima Rüstamiy, dosent Cumali Şabanov və başqaları çıxış edərək Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyəti, türk xalqlarının elmi düşüncə tarixindəki rolu və bu irsin müasir dövrdə davam etdirilməsi məsələlərindən bəhs ediblər.

Sonra seminar işttirakçıları AMM-nin təşəbbüs ilə universitetdə yaradılan Azərbaycanşünaslıq Mərkəzinə baxıblar. 

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd

 











Mədəniyyət