Molla Nəsrəddin-120
Azərbaycan milli mətbuatının ilk satirik orqanı olan “Molla Nəsrəddin” jurnalı təzadlar dövründə – XX əsrin əvvəllərində dünyada gedən mürəkkəb ictimai-siyasi hadisələrin kəskinləşdiyi bir şəraitdə meydana gəldi. Bu mürəkkəb proseslər fonunda “Molla Nəsrəddin” jurnalının bütün parametrlərdə milli gerçəklikləri dərk edən və onun hüdudlarına yetən bir dərgi kimi fəaliyyətə başlaması labüd idi. Cəlil Məmmədquluzadənin redaktorluğu ilə 1906-cı ilin 7 aprelində Tiflisdə nəşrə başlayan “Molla Nəsrəddin” jurnalı bütün Şərq aləmində ilk satirik, rəngli-şəkilli jurnal kimi mətbuat tariximizin böyük salnaməsini yaratdı. Jurnal 25 il öz səhifələrində bəşər sivilizasiyasının bir hissəsi olan Şərq mədəniyyətini, o cümlədən Azərbaycan düşüncə tərzini, milli problematika, milli dil, milli üslub komponentlərinin təzahürünü gündəmə gətirməklə xalqımızın keçdiyi böyük təkamül yolunu izləyə və işıqlandıra bilmişdir. “Molla Nəsrəddin” jurnalı Azərbaycanda demokratik dövlət quruculuğuna yüksək önəm vermiş, Cümhuriyyət ideyalarını dəstəkləmiş, Qarabağ həqiqətlərini öz səhifələrində işıqlandırmış və erməni-müsəlman məsələlərinin baş vermə səbəblərini açıb göstərmişdir.
“Molla Nəsrəddin” jurnalı nəinki Azərbaycan milli mətbuatına, ədəbiyyat tarixinə və mədəniyyətinə böyük töhfələr verdi, hətta Şərq və Qərbin qovşağında sivilizasiyanın təkamülünə, təşəkkülünə və formalaşmasına güclü təsir göstərdi. Jurnalın mövzu və ideya qaynaqlarının zənginliyi onun geniş miqyasda yayılmasına və məşhurlaşmasına gətirib çıxardı. Orijinal üslublu bu satirik jurnal Azərbaycan mətbuatının sonrakı inkişafına, təkamülünə geniş yol açdı və ədəbi məktəb səviyyəsinə yüksələ bildi.
“Molla Nəsrəddin” bütün hisslərin duya bildiyi, idrakın, təfəkkürün dərk edə bildiyi, əqli-intellektual dəyərlərin, gerçəkliklərin çoxqatlı laylarının ən incə məqamlarına və dərinliklərinə enə bildi. Mətbuat tariximizə “mollanəsrəddinçilər” adı ilə daxil olan böyük bir ədəbi qüvvənin təmsilçiləri- Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Əbdürrəhim bəy Haqverdiyev, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Əli Nəzmi, Əli Razi, Salman Mümtaz, Mirzəli Möcüz, Bayraməli Abbaszadə və başqalarının cahanşümul xidmətləri sayəsində Azərbaycan varlığı, Azərbaycan həqiqətləri sərhədləri aşaraq nəinki Şərq aləminə, hətta Qərb dünyasına da yol açdı.
“Molla Nəsrəddin” jurnalının çoxsaylı mövzu və problematikasında böyük azərbaycançılıq ideyası, öz xalqını azad, demokratik və müstəqil görmək istəyi bütün fəaliyyəti boyu davam etmişdir. Bu taleyüklü problemin həlli istiqamətində ardıcıl və prinsipial mübarizə aparan “Molla Nəsrəddin” jurnalı sonadək əqidəsinə sadiq qalmış, bir çox məhrumiyyətlərlə, təqiblərlə üzləşmişdir. Jurnal fəaliyyətə başladığı dövrdə Azərbaycan məmləkəti rus imperiyası tərəfindən istila edilmiş, çar hökumətinin zülm və istibdadı altında hüquq və azadlıqları boğulmuş, asılı bir vəziyyətə salınmışdır. Dövrün bir çox ziyalıları kimi mollanəsrəddinçilər də Azərbaycanı qəsdən qəzalara, quberniya və mahallara bölən, “parçala və hökm sür” siyasətini yeridən imperiyanın riyakarlığını 25 il jurnalın səhifələrində yer alan satirik şeirlərdə, felyetonlarda, teleqraf xəbərlərində və s. janrlı əsərlərdə tənqid atəşinə tutmuşlar. Azərbaycan dilini, ədəbiyyatını, mədəniyyətini, tarixini sıxışdıraraq öz içərisində əritməyə çalışan rus şovinizminin çoxqatlı və çoxplanlı məkrli siyasətini ezop dili ilə ifşa etmişlər.
Ümummilli Lider Heydər Əliyev Cəlil Məmmədquluzadəni özünün müasiri, bugünkü Azərbaycanın fəal qurucusu, cəsarətli, vətəndaşlıq hissini uca tutan bir yazıçı kimi xarakterizə edərək demişdir: “Cəlil Məmmədquluzadənin yaradıcılığında Azərbaycanın bütün milli xüsusiyyətləri, eyni zamanda, ümumbəşəri dəyərləri əks etdirən fikirlər bizim milli ideologiyanın əsasıdır və həmin ideologiyanın yaranması üçün böyük bir vasitədir, böyük bir sərvətdir. O dövrdə həm milliliyə bağlı olmaq, həm də dünyəvi, ümumbəşəri dəyərləri qiymətləndirmək, onları öz yaradıcılığında əks etdirmək və xalqımızın ümumi səviyyəsini qaldırmaq cəhdləri böyük vətəndaşlıq cəsarəti idi, böyük xidmətdir və bunu biz daim qiymətləndirməliyik. Ona görə də Cəlil Məmmədquluzadənin yaradıcılığı, əsərləri bu gün bizim milli ideologiyanın formalaşmasına və yaranmasına, onun konsepsiyasının eyni şəkildə hazırlanmasına çox kömək edə bilər və çox kömək edəcəkdir”.
“Molla Nəsrəddin” jurnalı milli-mənəvi dəyərlərimizin məhvinə çalışan imperialist qüvvələrə qarşı vahid mövqedən çıxış etməyin zəruriliyini gündəmə gətirir, xalqımızın öz müqəddəratını təyin etmək hüququna malik olduğunu geniş oxucu auditoriyasına çatdırırdı. Jurnal azad, müstəqil və demokratik dövlət quruculuğuna nail olmağın yolunu milli birlikdə görür, xalq mənafeyini şəxsi mənafedən üstün tutmağın əhəmiyyətini açıqlayaraq yazırdı: “Nə qədər ki, qamusları vərəqlədim, nə qədər ki, camaət içində dolandım, “millət” sözünü nə eşitdim, nə də bir kitabda gördüm. O yerdə ki, lüğət kitabında gərək yazılaydı “millət”, orada “millət” əvəzinə yazılıb: “şəxs”. O yerdə ki, söz düşəndə gərək millət sözü danışıla, orada “əşxas” ləfzi istemal olunur. Və məhz bu səbəbdəndir ki, bizlərdə millət qorxuları şəxsi qorxular şəklində zühura gəlir, milli işlərimiz əvəzinə şəxsi dəsgahlar peyda olur”. Felyetonda Şərq və Qərb dünyasında bu qlobal problemə fərqli yanaşmanı müqayisələr, paralellər aparmaqla aşkara çıxaran müəllif acı təəssüf hissilə yazır: “Qərb mətai ilə Şərq mətai mabeynində həmişə bir fərq var, həmçinin Qərb azadixahlığı ilə bizim azadixahlığımızda haman təfavüt əmələ gəldi ki, biz azadlıq binalarımızın bünövrəsini əşxas üstündə tikdik; millət üstündə tikmədik”. Göründüyü kimi, felyetonda milli bərabərlik ideyası irəli sürülür, azadlığın ayrı-ayrı şəxslərə deyil, bütöv xalqa, məmləkətə məxsusluğu fikri ön plana çəkilir. Belə olduğu təqdirdə azadlığın əbədiliyi, daimiliyi tendensiyası dəstəklənir. O yerdə ki, “mən” hissi “biz” hissini üstələyir, orada heç bir azad, müstəqil və hüquqi dövlətdən söhbət gedə bilməz. Jurnalın çox böyük uzaqgörənliklə öz səhifələrində dərc etdirdiyi bu aktual problemlər təkcə Azərbaycan xalqının deyil, bütövlükdə Şərq aləminin taleyüklü məsələsi kimi çağdaş dövrümüzdə də müasirliyini qoruyub saxlamaqdadır.
Cəlil Məmmədquluzadənin anadan olmasının 125 illiyinə həsr olunmuş möhtəşəm tədbirdə çıxış edən cənab Heydər Əliyev belə bir mərasimi böyük yazıçının ölməz ədəbi irsinə Azərbaycan dövlətinin və xalqının verdiyi yüksək dəyərin təzahürü kimi səciyyələndirmişdir. Azərbaycan Dövlətinin Memarı C.Məmmədquluzadə yaradıcılığına və onun ədəbi fəaliyyətinin “şah əsəri” olan “Molla Nəsrəddin” jurnalına xüsusi önəm verərək, böyük realist ədibin Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizənin bu gün də davam etdirildiyini bəyan edərək demişdir: “Cəlil Məmmədquluzadə Azərbaycan tarixində görkəmli yer tutmuş dahi bir insan, yazıçı, publisist, filosof, mütəfəkkir, xalqımızın mədəniyyətini çox zənginləşdirmiş bir şəxsiyyətdir. O, ədəbiyyatımızın, mədəniyyətimizin klassikidir. Eyni zamanda, o bizim müasirimizdir, o, bu gün də bizimlədir, bizim sıralarımızdadır. Bizimlə bərabər Azərbaycanın müstəqilliyinə sevinir və bizimlə bərabər Azərbaycan Respublikasının daim müstəqil dövlət olması uğrunda öz yaradıcılığı ilə, qoyduğu mənəvi irslə çalışmaqdadır” .
“Molla Nəsrəddin” jurnalında Azərbaycanın ictimai-siyasi həyatı, sosial mühit, elm və təhsil məsələləri, qadın azadlığı, dini xurafatın, cahilliyin tənqidi kimi taleyüklü məsələlərlə yanaşı, həm də beynəlxalq aləmdə baş verən qlobal problemlərə də geniş yer verilmişdir.
“Molla Nəsrəddin” jurnalı fəaliyyəti boyunca Azərbaycan dilinin milli təəssübkeşi olmuş, öz səhifələrində dərc etdirdiyi, məqalə, felyeton, satirik şeir, teleqraf xəbərləri və digər janrlı yazılarda ana dilimizin rus, ərəb, fars və sair dillər vasitəsilə korlanmasına qarşı çıxmış, yad dillər içərisində itib-batmasından ciddi narahatlıq keçirmişdir. Mollanəsrəddinçilər bu taleyüklü məsələyə ciddi önəm vermiş, az qala jurnalın hər sayında bu problemin aktuallığından söhbət açmış, Azərbaycan dili haqqında həm özünün, həm də mollanəsrəddinçi əqidə və məslək dostlarının yüzlərlə yazılarını dərc etdirmişdir.
Cəlil Məmməquluzadənin Cənubi Azərbaycan xalqının həyatından bəhs edən “Bikarlar məhəlləsi”, “Millət”, “Firqələr davası”, “Vətən xadimləri”, “İranda ləqəblər”, “Tüstü”, “Dövlətli xanımlar” və başqa məqalə və felyetonları öz həmvətənlərini azadlıq uğrunda mübarizəyə səsləyən dəyərli publisistik nümunələrdir. Yazıçının yaradıcılığında təkcə Şimali Azərbaycanda deyil, həm də Cənubi Azərbaycanda gedən ictimai-siyasi proseslər mühüm yer tutur, xalqların mövcud durumu, onların siyasi hadisələrin tüğyan etməsindəki rolu və o taylı, bu taylı insanların siyasi çəkişmələrin, müharibələrin qurbanlarına çevrilməsini böyük sənətkarlıqla öz oxucusuna çatdırır.
C. Məmmədquluzadə İranda baş verən məşrutə inqilabının güclü və zəif tərəflərinə dönə-dönə “Molla Nəsrəddin” jurnalında dərc edilən publisistik əsərlərdə, “Həmşəri” felyetonunda, Səttarxana həsr edilmiş şeirlərdə, teleqraf xəbərlərində geniş yer vermiş, lakin xalqın, sadə zəhmət adamlarının hələ də şüurca yetkin olmadığını, savadsızlığın, avamlığın, dini xurafatın taleyüklü problemlərin həllində bir sipərə çevrildiyini də göstərmişdir.
Böyük ədib göstərirdi ki, hürriyyət heç vaxt verilməz, o, mübarizə və inqilab yolu ilə alına bilər. O yerdə ki mütləqiyyət üsul-idarəsi hökm sürür, orada əsl azadlıqdan söhbət gedə bilməz. Ona görə ki, demokratiya ilə mütləqiyyət, hürriyyət ilə istibdad, bir-birinə zidd olan bu iki qüvvə bir araya sığmaz.
Cəlil Məmmədquluzadə Azərbaycan xalqının milli kimliyini, varlığını, dünya xalqları arasında yüksək mövqe qazanmasını həm də onun savadlı, elmli vətəndaşlara sahib olmasında görürdü. Buna görə də “Molla Nəsrəddin” jurnalında elm, təhsil, maarif və mədəniyyətin təbliği, savadsızlığın, cahilliyin, nadanlığın tənqidinə aid çoxlu sayda felyetonlar dərc edilmişdir. Jurnalın səhifələrində geriliyin, cəhalətin, nadanlığın, savadsızlığın ifşası C.Məmmədquluzadənin satirik publisistikasında geniş yer almışdır. Yazıçının “Niyə məni döyürsünüz”, “Niyə mən dərsdən qaçdım”, “Gimnaziyada təzə məscid”, “Təzə təlim kitabı”, “Müəllimlər”, “Baş”, “Uşaqlarımız”, “Məktəblər”, “Maarif işləri” və başqa felyetonlarında elm, təhsil, maarif və mədəniyyət sahəsində yol verilən nöqsanlar, çatışmazlıqlar ciddi tənqid atəşinə tutulur və xalqa bu ətalət və durğunluqdan xilas olmağın yolları göstərilir.
Cəlil Məmmədquluzadənin yaradıcılığında “Molla Nəsrəddin” jurnalının ideyalarına işıq saçan, milli təfəkkürün oyanışı və azərbayçançılığın formalaşmasının bel sütununu təşkil edən “Azərbaycan” məqaləsinin xüsusi yeri vadır. Bu dəyərli və tarixi əhəmiyyətli məqalə jurnalın əsl məramnaməsi olmaqla yanaşı, həm də Mirzə Cəlil irsinin əsas leytmotivini təşkil edir: “Ax unudulmuş vətən, ax yazıq vətən...”-deyən realist ədib bu məqaləsində ürək ağrısı ilə öz həmvətənlərini “unudulan” vətənimizi yaddan çıxarmamağa səsləyir. C.Məmmədquluzadə bu monumental məqalədə “vətən”, “dil” və “millət” sözlərini üç dəfə təkrarlayaraq xalqı milli dirçəlişə, oyanışa və mənəvi birliyə çağırırdı. Yazıçının xalqın azadlığını və qurtuluş yolunu bu üç məhfumun birliyində axtarması labüd idi.
C.Məmmədquluzadə Tiflisdə Müsəlman Milli Komitəsinin yığıncağında oxumaq üçün yazdığı “Cümhuriyyət” (1917) məqaləsində demokratik dövlət quruculuğunun əsas prinsiplərini belə şərh edir: “Cümhuriyyət” yəni latınca “Respublika” elə bir hökumətə deyirlər ki, orada məmləkətin idarəsi camaatın öz öhdəsində və ixtiyarındadır, necə ki, məsələn, Firəngistan, İsveçrə və qeyriləri”.
Akademik İsa Həbibbəyli yazır: “Cümhuriyyət” məqaləsi Mirzə Cəlilin cəmiyyətşünaslıq görüşlərinin yekunu və zirvəsidir. “Cümhuriyyət” məqaləsi Cəlil Məmmədquluzadə demokratizminin nizamnaməsidir. Böyük demokrat ədib bu əsərində “padşahlıq taxtından yıxılan Nikolayın... idarəsi dağılandan sonra” ölkədə yaranmış mürəkkəb vəziyyətdə çaşqın qalan, yol axtaran azərbaycanlılara- həmvətənlərinə respublika tipli müstəqil dövlət qurmaq uğrunda səy göstərməyi zəruri saymışdır”.Yazıçı məqalənin sonunda azadlıqsevər, demokratik düşüncəli insanlara səslənərək deyir: “Əgər bizdə insanlıq hissi hələ ölməyibsə - və güman edirəm ki, ölməyib, - o vədə gərək uca səs ilə cümhuriyyət qəhrəmanlarını alqışlayıb deyək: Yaşasın cümhuriyyət!” .
“Cümhuriyyət” məqaləsinin yazılmasından bir əsrdən artıq vaxt keçməsinə baxmayaraq, əsər çağdaş mərhələdə də çox böyük aktuallıq kəsb edir. Məqalədə irəli sürülən müddəalar bu gün Azərbaycan xalqının həyatında mühüm rol oynayır.
“Molla Nəsrəddin” jurnalında əksini tapan istiqlal ideyalı yazılar bütün bəşəriyyətə, zülm və istibdad məngənəsində sıxılan, əzilən zavallı insanlara, xalqlara azadlıq və hürriyyət harayıdır. Bu səsləniş dünənimizdən bu günümüzə, bu günümüzdən isə sabahımıza qəlbi Azərbaycan eşqi ilə çarpan mollanəsrəddinçilərin vətən sevgisindən yoğrulmuş istiqlal nidasıdır.
Gülbəniz Babayeva
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Mətbuat tarixi və publisistika şöbəsinin
baş elmi işçisi, filologiya elmləri doktoru, dosent

