“Gəlinlik paltarı”nın Lənkəran təqdimatı

post-img

Tanınmış yazıçı-dramaturq, publisist və tərcüməçi Hüseynbala Mirələmovun “Gəlinlik paltarı” əsəri saf sevgi, ailə dəyərləri və qadın taleyi mövzusuna həsr olunub. N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında əsərin ilk tamaşası olub.

Əvvəlcə teatrın strategiya və kommunikasiya şöbəsinin müdiri Namiq Ağayev yazıçı Hüseynbala Mirələmovun zəngin ədəbi yaradıcılığı, dramaturgiyası, əsərlərinin sənətkarlıq xüsusiyyətləri barədə məlumat verib.

Quruluşçu rejissor, teatrın direktoru, respublikamızın əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Fuad Hüseynov, rəssam Sevən Həsənli, musiqi tərtibatçısı Vüqar Fərəcov, rejissor assistenti Nuranə Nəcəfova olan tamaşada rolları səhnə ustalarından Ayşən Əsədova – Fənayə, Aynur Əhmədova – Zinayə, Şəbnəm Hüseynova – Rahibə, Elçin Hacıyev – Qadir, Saleh Əzimzadə – Haris, Səyad Əliyev – Fədai, Aysel Babazadə – Rufa, Nuranə Nəcəfova – Sadiqə, Günel Bağırova və Elvin Məmmədov Pantomim peşəkarlıqla ifa ediblər.

Tamaşa boyu həyatın sərt, taleyin gözlənilməz dönəmləri qəhrəmanları çətin seçim qarşısında qoyub. İnsanın xoşbəxtlik uğrunda mübarizəsi emosional səhnələrlə tamaşaçılara təqdim olunub.

Tamaşanın sonunda yazıçı Hüseynbala Mirələmov əvvəllər də doğma teatrın səhnəsində əsərlərinin oynanıldığını vurğulayaraq teatrın rəhbərliyinə, yaradıcı kollektivə dərin minnətdarlığını çatdırıb. Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri Qafar Cəfərli əsərin çox aktual mövzuya həsr olunduğunu, yaradıcı heyətin möhtəşəm tamaşa ərsəyə gətirdiyini qeyd edib.

Sonda teatrın direktoru Laləzar Hüseynova əsərdə insan taleyinin zərif və ağrılı məqamlarının yüksək sənətkarlıqla əks olunduğunu, xalqımızın nəcib adət-ənənələrini, milli dəyərlərimizi qoruyub gənc nəslə aşılamağın vacibliyini diqqətə çatdırıb.

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri





Mədəniyyət