Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycana təxminən 20 minə yaxın qonağın gəlməsi gözlənilir. Tədbirdə çoxlu sayda beynəlxalq təşkilatlar iştirak edəcək. Həmçinin Memarlar İttifaqına bir sıra ölkələrin müvafiq qurumları və peşəkar birlikləri müraciət edərək forumda iştirak üçün qeydiyyatla bağlı dəstək istəyiblər və bu istiqamətdə işlər aparılır.
Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Əməkdar memar Elbay Qasımzadə söyləyib.
“Tədbirdə iştirakımız müxtəlif formalarda nəzərdə tutulur. Əlbəttə ki, bir neçə paneldə Azərbaycan Memarlar İttifaqının əsas nümayəndələri spiker qismində çıxış edəcək və müzakirələrə qoşulacaqlar. Bununla yanaşı, iki böyük sərginin də hazırlığını aparırıq. Birinci sərgi Azərbaycan memarlıq irsinə həsr olunacaq. İkinci sərgi isə müasir dünya memarlığını əhatə edəcək. Bildiyiniz kimi, artıq yeddi dəfə Bakı Beynəlxalq Memarlıq Müsabiqəsini keçirmişik. Bu müsabiqədə 50-yə yaxın ölkədən 275 layihə təqdim olunub və yeddi nominasiya üzrə 21 qalib seçilib. Hazırda bu illər ərzində keçirilmiş müsabiqələrin bütün qalib işlərindən ibarət genişmiqyaslı bir sərgi hazırlanır və həmin işlər WUF13 çərçivəsində nümayiş olunacaq. Bu sərginin əsas məqsədi dünya ictimaiyyətinə Azərbaycanın təkcə sənaye və iqtisadi sahələrdə əldə etdiyi nailiyyətləri deyil, həm də memarlıq və şəhərsalma sahəsində də beynəlxalq mərkəz kimi qəbul olunduğunu göstərməkdir”,- deyə Memarlar İttifaqının İdarə Heyətinin sədri bildirib.

