Unudulmaz Məmməd Araz

post-img

“Məmməd Araz yaradıcılığı təkcə poeziya deyil, millətin yaddaşı  və vicdanının səsidir. Onun misralarında dağların sükutu, şəhərin hay-küyü və insanın qəlbindəki böyük Vətən sevgisi birləşir”. Xalq şairi Məmməd Arazın xatirəsinə həsr olunmuş ədəbi-bədii məclis bu sözlərlə başlayıb. 

Xatirə mərasimində iştirak edən akademiklər Nizami Cəfərov və Muxtar İmanov, ədəbi tən-
qidçi Əsəd Cahangir, Əməkdar incəsənət xadimi Nazim Kazımov, Xalq şairi Sabir Rüstəmxanlı  və digər qonaqlar Məmməd Araz yaradıcılığının poetik-fəlsəfi məzmunundan, şairin lirikasının vətəndaşlıq qatlarından söhbət açıblar. Tədqiqatçı-alim, şair Qardaşxan Əzizxanlı və filoloq-alim, şair Adilə Nəzər isə çıxışlarında şairin poeziyasının çağdaş ədəbi düşüncəyə təsirinə diqqət çəkib və ustada həsr etdikləri şeirlərini  səsləndiriblər.

Gecədə Əməkdar artist Nuriyyə Hüseynova, II Televiziya Muğam müsabiqəsinin qalibi Güllü Muradova, aşıq Ramin Qarayev, bəstəkar və müğənnilər Niyaməddin Musayev, Çilənay Hüseynova, müğənnilər Mehranə Vəliqızı, Sərxan Bünyadzadə şairin şeirlərinə bəstələnmiş mahnlar  səsləndirərək, şairin poeziyasını musiqi və muğamın dili ilə tamaşaçılara çatdırıblar. 

Aktyor və qiraət ustaları Kamran Yunis, Həlimət Sultan, Şirzad Pirallahı, Müşfiqə Baləddinqızı, Ülviyyə Niyazqızı, İbrahim Əhmədov, eləcə də Hədəf Liseyinin şagirdləri Məmməd Arazın şeirlərini səsləndiriblər.

Sonda şairin ailə üzvləri adından yazıçı, Milli Məclisin üzvü Aqil Abbas çıxış edərək şairin xatirə mərasiminin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib. Qonaqlar məclisdən hədiyyə aldıqları şairin IV cildlik kitabları ilə ayrılıblar. 

XQ

 



Mədəniyyət