Ankara məktəblərində Azərbaycan ayı

post-img

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi Ankara özəl YÜCE məktəbləri ilə Azərbaycan mədəniyyəti, tarixi və dilinin təbliği məqsədilə ortaq layihə həyata keçirir. Bu məqsədlə Ankara özel YÜCE məktəblərində yanvar tematik ayı qardaş Azərbaycana həsr edilib və “Qafqazların incisi – qardaş ölkə Azərbaycan” adlandırılıb.

Bununla bağlı Ankara özəl Y CE məktəblərinin rəsmi səhifəsində paylaşım edilib. Paylaşımda “bu ayın qəlblərimizi və qapılarımızı qardaş xalqımız olan Azərbaycana açırıq” – deyə qeyd edilib, birlikdə bu qədim torpaqların sirri, yerin altından yüksələn əbədi odların hekayəsi, Xəzər dənizinin sahilində inci kimi parlayan paytaxt Bakının əsrarəngiz gözəllikləri, Qafqazların incisi gözəl Azərbaycana həsr ediləcəyi bildirilib. 

Qeyd edək ki, tematik ay zamanı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən məktəblərdə bir aylıq milli mədəniyyətimiz və incəsənətimizi özündə əks etdirən “Azərbaycan stendi” təşkil olunacaq. Həmçinin Azərbaycan haqqında dərslər, müsabiqələr, viktorinalar, videotəqdimatlar, sənədli film və bədii film nümayişləri, rəsm və fotosərginin təşkili, məktəbin kitabxanası üçün Azərbaycana dair zəngin kitab kolleksiyasının hədiyyə olunması nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan nağıllarını təbliğ etmək üçün “Masal-Masal Türkiyə: Türk dünyası, Azərbaycan” mobil telefonlar üçün onlayn tətbiq proqramının təqdimatı, Azərbaycan milli rəqslərindən ibarət konsert proqramının təşkili planlaşdırılır. 

Məktəblilər bu ayda Qafqazın incisi Azərbaycanın zəngin mədəniyyəti, ədəbiyyatı, möhtəşəm abidələri, memarlığı, əsrarəngiz turizm imkanları, habelə müstəqil Azərbaycanın qazandığı böyük nailiyyətlərlə tanış olmaq imkanı əldə edəcəklər.

XQ

Mədəniyyət