İrsimizin Tətbiqi və Təbliği İctimai Birliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə ithaf olunmuş "Musiqi məbədi Şuşa" kitabının təqdimatına həsr olunan "Şuşa musiqidə" adlı ədəbi-bədii tədbir həyata keçirilib.
Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşanın tarixini, sənət ənənələrini və musiqi yaddaşını əks etdirən tədbir iştirakçıları milli ruh və qürur hissi ilə bir araya gətirib. Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra, Şuşanın tarixi, mədəni irsi və mənəvi simasını əks etdirən videoçarx nümayiş olunub. Videoçarxda Ulu öndər Heydər Əliyevin "Biz Şuşaya gedəcəyik, biz Şuşasız yaşaya bilmərik" fikirləri, Prezident İlham Əliyevin "Xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim" və "Biz Şuşanı azad etdik" sözləri yer alıb. Videoçarxda həmçinin Şuşa haqqında ilk mahnının müəllifi olan Xan Şuşinskinin "Şuşanın dağları" mahnısının sədaları altında Şuşanın bugünkü görüntüləri təqdim olunub.
Kitabın müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı çıxışında bildirib ki, nəşrin yaranmasına 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyevin "Biz Şuşanı azad etdik, Şuşa artıq azaddır" sözləri ilham verib. Müəllif bu kitabı Şuşaya mənəvi hədiyyə kimi qələmə aldığını, sənətkarın ən dəyərli töhfəsinin söz və kitab olduğunu vurğulayıb.
Tədbirdə Şuşa Şəhər İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, sənətşünaslıq üzrə elmlər doktoru, dosent, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Leyla Zöhrabova, Ziyalılar İctimai Birliyinin sədri, rəssam Minayə Feyzullayeva çıxış edərək, Şuşanın mədəniyyət paytaxtı kimi yenidən dirçəlməsi və ölkəmizdə gedən ictimai-mədəni proseslərdə vacib rolu olduğunu vurğulayıblar. Qeyd olunub ki, bu cür yeni nəşrlərin ərsəyə gəlməsi Azərbaycanın musiqi tarixini öyrənən gənclər üçün də əvəzolunmaz bilik mənbəyidir. Tədbirin bədii hissəsi Şuşaya həsr edilmiş musiqi nümunələri ilə davam edib. Süleyman Ələsgərovun "Gözəl Şuşa", Oqtay Rəcəbovun "Şuşa", Emin Sabitoğlunun "Şuşanı qar gördüm", Səid Rüstəmovun "Gözəl Şuşa" musiqi ifaları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Proqram çərçivəsində balaban ansamblının müşayiəti ilə Xarı-Bülbül mövzusunda kompozisiya təqdim olunub. Daha sonra Əməkdar artist Elza Seyidcahanın müəllifi olduğu "Şuşam", musiqisi Rüfət Ramazanov, sözləri Səadət Təhmirazqızına məxsus "Gözəl Şuşa" mahnıları ifa olunub. Xalq artisti Fidan Hacıyevanın ifasında sözləri Vahid Əzizin musiqisi professor Könül Hüseynovanın olan "Şuşam mənim", musiqisi Vasif Adıgözəlov, sözləri Vüqar Abdülova aid "Şuşam laylay" musiqi kompozisiyaları təqdim edilib.
Sonda C. Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin "Renessans" xor kollektivinin ifasında Aytən İsmixanovanın sözlərinə bəstələnmiş Seymur Aslanovun "Şuşa evinə qayıtdı" mahnısı ilə proqram yekunlaşıb.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı XQ-yə müəllifi olduğu kitab barəsində məlumat verib:
“Bu kitab Şuşanın XVIII əsrdən bu günə qədər olan zəngin musiqi tarixini əhatə edir, şəhərin mədəni həyatına elmi-ensiklopedik baxış təqdim edir. Nəşrdə Şuşanın musiqili teatr ənənələri, görkəmli şuşalı musiqiçilər və onların nəsilləri haqqında qısa, lakin əhatəli məlumatlar yer alır. "Şuşa musiqidə" bölməsində isə həm xalq, həm də professional musiqidə Şuşaya həsr olunmuş əsərlər təhlil olunur.
Kitabın yekun bölməsində isə Şuşanın azad edilməsindən sonra aparılan mədəni dirçəliş prosesi, Üzeyir Hacıbəyli və Bülbülün ev muzeylərinin bərpası, Xarı-Bülbül Festivalı və bu istiqamətdə həyata keçirilən dövlət siyasəti geniş şəkildə əks etdirilir. Mədəniyyət Nazirliyi tərəfindən nəşr olunmuş bu yeni kitab dörd yüz səhifədən artıq həcmə malikdir”.
Fidan Salmanova
XQ





