Aşıq Qaranı – Qul Qaranı

post-img

Ardahan, Bəylər, Hallavar, yoxsa Saraçlı?..

Bir sıra ədəbiyyat və folklor araşdırmalarında, ustad aşıqların söyləmələrində 18-ci yüzilin sonları, 19-ci yüzilin önlərində yaşadığı güman edilən Türk dünyasının böyük söz və saz ustadı Qul Qaranı – Aşıq Qaranı adı ötəri olaraq xatırlanıb keçsə də, əldə olan şeirləri onun çox bilikli ürfan və təsəvvüf şairi olduğunu göstərir. Türkiyə və Azərbaycan bilim adamları Qul Qaranının yalnız adını çəkir, kimliyi barədə müəyyən ehtimallarla kifayətlənirlər. Bu isə təbiidir. Çünki Türkiyədə və Azərbaycanda Qaranı haqqında məxəzlər çox məhduddur və əksəri də şifahi xarakterlidir. Yəni ustadın adına cəmi bir-neçə şeirdən və Xəstə Hasanla deyişmələrindən başqa heç yerdə ətraflı nəyəsə rast gəlinmir... Bir gün Aşıq Hüseyn Saraçlının gənc tədqiqatçısı, ictimai fəal Rəşad Saraçlı Əliyev şair-aşıq Qul Qaranı ilə bağlı araşdırma apardığını, ustadın mənim ulu babam olduğunu söylədi. Bu bağlılığı böyüklərimdən eşitmişdim, ancaq düzü, təfsilatını bilmirdim. Ona görə də onun təşəbbüsünü ürəkdən bəyəndim. Rəşadın bu yazısında arxiv materiallarını çözmək, rəvayətlərlə müqayisələndirmək, nəsil-şəcərə düzülüşünü əlaqələndirmək və bərpa etmək bacarığı vardır.

Dəyanət Osmanlı

Şair-publisist 

Onun haqqında Vikimənbə bir cümləlik ümumi məlumatdan ibarətdir: “Qul Qaranı (XVIII əsrin 2-ci yarısı – ?) Türkiyədəki Ardahan qəsəbəsi yaxınlığındakı Dəyirman köyündəndir.” 

Türkiyə araşdırıcılarının əksəriyyəti Qul Qaranını Ardahanlı hesab edirlər. Amma onun haralı olması barədə dəqiq bir faktı qeyd edən yoxdur. Ona görə də düz deyiblər ki, izlər mütləq hardasa özünü büruzə verməlidir. Xəstə Hasanın məşhur “Sözdə bir” divanisində Qul Qaranının adı Vaqif, Gövhəri, Qara Zülal və Aşıq Ömər kimi görkəmli sənətkarlarla birgə xatırlanır. Rəvayətlərə görə, Xəstə Hasan Qul Qaranının şəyirdi olmuş, gənc yaşlarında məşhurlaşması da Qaranının adıyla bağlıdır. 

Qaranı barədə Azərbaycanda ilk dəfə filologiya elmləri doktoru Şurəddin Məmmədli məlumat vermişdir (Ş.Məmmədli. Borçalı ədəbi mühiti, Bakı, 2000). Filologiya elmləri doktoru Əflatun Saraçlı da Türk dünyasında aşıq məktəblərinin ən şaxəlisi olan Borçalı aşıq məktəbindən bəhs edərkən qüdrətli sənətkarlar sırasında Qaranının da adını çəkmişdir. 

 Ş.Məmmədli yazısında yəqin ki, Türkiyə ehtimal-qaynaqlarına və Borçalıda yaşlı insanlardan eşitdiyi məlumatlara əsaslanaraq Qaranının “Borçalı-Ahısqa, Qars ədəbi şəbəkəsinin qüdrətli sənəkarı” deyə bəhs edir. Onun Ahısqada doğulub, Borçalıda məşhurlaşdığı, Urfanı, Küfdadi, Usta Polad, Qara Zülalla bir dövrdə yaşadığını bildirilir. Borçalı və Qarayazının Bəylər, Saraçlı, Kosalı, Qaracalar kəndlərində Qaranizadə soyadlarının olduğunu vurğulanır... 

Araşdırmaçı alim Əli Şamil də aşıq Qaranı haqqında “Sözdə birincilərdən olan aşıq qarani” adlı məqalədə özündən əvvəlki mülahizələrə söykənərək, sənətkarın həyat və yaradıcılığı, kimliyi barədə dəqiqləşdirmələr aparmağa çalışır, şeirləri, Xəstə Hasanla deyişmələri üzərində maraqlı təhlillər aparır... 

Borçalı aşıqlarının söyləmələrində xatırladılır ki, Qaranı Borçalıda və Türkiyədə məşhur olmuşdur. Bu məqamda aşığın Borçalıdan, Borçalı Saraçlısından, yaxud Ardahandan və s. olduğu barədə gümanlar açıq qalır. Digər sual isə Qaranının ad, yoxsa soyad olmasıdır. Bütün dövrlərdə aşıq və ozanların təxəllüslərinin əsasən addan öncə gəldiyi fikrinə əsaslansaq, deyə bilərik ki, Qaranı aşığın adı, Qul isə təxəllüsüdür. Qaranının haralı olması isə arxiv materialları ilə el arasında gəzən rəvayətlərin kəsişməsindən bəlli olur...

2006-cı ildə Aşıq Hüseyn Saraçlının Bakı şəhərində keçirilən 90 illik yubileyində Əflatun Saraçlı belə bir fikir səsləndirmişdi: “Borçalı aşıq məktəbi üzü Qaranıdan bəri bir çox nəhəng və azman sənətkarlar yetişdirib.” O zaman Aşıq Qaranı adı məndə maraq doğurdu. Çünki doğma kəndim Saraçlıda Qaranılar nəsli və o adı soyad olaraq daşıyan çoxlu insanlar vardı. Qaranı kimdir, Borçalının hansı kəndindən olub, bizim Saraçlı qaranılarla nə bağlılığı ola bilər? Bu kimi suallar həmişə məni düşündürüb. Hər addımda Aşıq Qaranı haqqında üzdə olan bəsit məlumatlardan əlavə ətraflı nəsə öyrənməyə çalışırdım. 

Əldə olan ilk mənbələr Qaranı haqqında Ş.Məmmədlinin sözügedən məqaləsi və folklorçu-alim E.Məmmədlinin babası Məmməd Hüseynqulu oğlunun dilindən qələmə alınmış yazı və Ə.Şamilin araşdırması idi. Ş.Məmmədlinin məqaləsindən və M.Hüseynqulu oğlunun verdiyi məlumatlarda Qaranının Borçalının Bəylər kəndindən olduğu bildirilir. Ə.Şamilin məqaləsində Türkiyəli araşdırmacıların, o cümlədən Əjdər Aslanın verdiyi şifahi bilgilərə əsaslanaraq Qaranının 18-19 əsrdə Ardahanın Dəyirman köyündə fikrini irəli sürür. 

Sonralar mən Azərbaycan Dövlət Səsyazmalar Arxivində Hüseyn Saraçlının səs yazılarını axtararkən ustadın 1986 və 1987-ci illərdə sənətşünaslıq namizədi Azad Ozan Kərimliyə verdiyi iki müsahibəyə rast gəldim. 

Birinci səs yazısında aşığın “anamın süd tərəfində bir şair Qaranı olub” deməsi yenidən diqqətimi çəkdi. Ustad şair-aşıq Qaranının iticəsi olduğunu bildirir:  

“Azad Ozan Kərimli: – Sizin nəsildə aşıq olub?

Aşıq Hüseyn Saraçlı: – Bizim nəsildə, Qaranı deyirlər, mənim süd tərəfimdə olub, ayrı bir kənddə yaşıyırmış, özü də Türkiyəyə, İrana-zada işləyirmiş vaxtilə.” 

 “Azad Ozan Kərimli: –Yaxşı, neçə nəsil bundan qabaq olub o Qaranı, təxminən? 

Aşıq Hüseyn Saraçlı: – Mən onun iticəsi oluram. 

Azad Ozan Kərimli: – Ötücəsi ?

Aşıq Hüseyn Saraçlı: – İticəsi. Bax, nəvədi, nəticədi, kötücədi, ötücədi, iticədi. (Aşıq Qaranı-Vəli-Hacı-Fatma-Gülpəri-Yetər-Aşıq Hüseyn).”

Hüseyn Saraçlı 1987-ci ildəki ikinci müsahibəsində yenə Qaranının kimliyi məsələsinə toxunaraq ulu babası olduğunu  vurğulayır. Bu müsahibələr Qaranı ilə bağlı araşdırmaları davam etdirmək marağımı daha da artırdı. Bu arada professor Valeh Hacıların Borçalının 1821-ci il kameral təsvirini əks etdirən “Ulu baban kim olub” adlı kitabı nəşr olunmuşdu. Kitabda saraçlıların 1821-ci il siyahısında Qaranı ilə birlikdə onun 3 (Emin, Vəli, Habil) övladının və 4 (Ocaqqulu, İbrahim, Hacı, Alı) nəvəsinin adı göstərilir. 

Hələlik son arxiv materiallarının məcmusu araşdırmaçı Nazir Əhmədlinin “Borçalı nahiyəsinin Kameral təsviri (1860)” adlı – Azərbaycanda Atatürk Mərkəzinin 2024-cü il nəşri olan kitabıdır. Bu kameral təsvirdə Qaranının doğum və ölüm tarixini dəqiqləşdirmək məqsədilə Saraçlıların 1860-cı il siyahısını nəzərdən keçirərkən aşığın adının 1847-ci ildə doğulan nəticəsinə verildiyi, aşıq Qaranının atasının Abdulla olduğu dəqiqləşir.

“Borçalı nahiyəsinin Kameral təsviri (1860)” kitabından gələn qənaətlərin izi ilə Qaranının nəsil-şəcərəsini ardıcıllıqla tərtib etməyə başladım. Və məlum oldu ki, Saraçlının yetirməsi olan ziyalıların, sənətkarların, bir çoxunun (və özümün də, Qaranı-Emin-Musa-Fatma-İsmayıl-Bayram-Qəzənfər-Rəşad) kökü Qaranıya gedib çıxır. 

Aşıq Hüseyn Saraçlının bacısı Xoşqədəm xanım da Qaranının hansısa törəmələrindən birinin Ağbabaya köç etdiyini və vaxtilə Hüseyn Saraçlının onlara gediş-gəlişinin olduğunu xatırlayır. Hüseyn Saraçlının şəyirdi, Qaranının (Qaranı-Emin-Abdulla-Emin-Paşa-Sabir) ötücəsi Aşıq Sabir Saraçlı isə Qaranının vaxtilə hardansa köçüb Borçalıya gələndə bir müddət Hallavar kəndində yaşayıb aşıqlıq etdiyini, sonradan həmişəlik Saraçlı kəndində koç saldığını qeyd edir.

O, Borçalının ustad aşıqlarının dilindən Aşıq Qaranının elə Qul Qaranının özü olduğu barədə eşitdiyini, onun qoşqularının iki ad altında oxunduğunu bildirir. Fikirlər və arxiv sənədləri üzərində müqayisələr də nəticə etibarilə Aşıq Qaranı ilə Qul Qaranının eyni şəxsiyyət olduğunu isbatlayır.

Türkiyəli araştırmacı-yazar Orhan Bahçıvan 20 mart 2020-ci il tarixli bloqunda Qul Qaranının Ardahanlı olduğunu, Güney Azərbaycan, Ahısqa və Quzeydoğu Anadoluda başda Xəstə Hasan (1760-1828) olmaqla, ustad aşıqlrlza deyişdiyini, onun nəvələrinin  Osmanlı-Rusiya savaşı (1877-78) dönəmində Anadolunun içərilərinə köçdüklərini, Ardahan yan-yörəsində hər hansı bir əqrabası qalmadığını bildirir. 

Bununla belə, heç bir tədqiqatda Anadoluda Qul Qaranının törəmələrindən kiminsə yaşamış olduğu barədə bəlgəyə rast gəlinmir. Borçalının 1828, 1860-cı il Kameral təsvirlərindəki saraçlıların siyahısında isə Qaranının törəmələri adbaad keçir. Beləcə, arxiv materialları Qul Qaranının hansı bölgədən olduğu barədə ehtimallar üzərinə də işıq salır. Bu zaman onun haralı olması məsələsi mülahizə statusundan çıxır və Qul Qaranının Bəylər, Hallavar, yaxud Ardahanın Dəyirman kəndindən deyil, məhz Saraçlı kəndindən olduğu təsdiqlənir.

El yaddaşına görə, Xəstə Hasan Qul Qaranının şəyirdi olmuşdur. Deyişmələrdə Xəstə Hasan Qaranıya ustad deyə müracət edir: 

Əylən usta, хəbər vеrim,

Ol sübhandan ol хəbər.

Xəstə Hasanın 1799-cu ildə anadan olduğunu və “Borçalı nahiyəsinin Kameral təsviri (1860)” kitabından bilindiyi kimi, Qaranının adının 1845-ci ildə anadan olan nəvəsinə yox, 1847-ci ildə doğulan nəticəsinə verilməsini və Xəstə Hasandan yaşca xeyli böyük olmasını nəzərə alsaq, onda Qul Qaranının təxminən 18-ci əsrin ikinci yarısında doğulub, 1846-cı ildən gec olmayaraq vəfat etdiyi də müəyyənləşir. Qaranı bölgənin ən qocaman aşığı olduğuna görə, ehtimal ki, Faxralı Aşıq Polad Yusuf oğlu və İmirhəsənli Aşıq Şəfi Yusuf oğlu da onun şəyirdləridir.

El aşığı gəzərgi olar, deyiblər. Bu kəlamın işığı da çox mətləbləri aydınladır. Ustad Hüseyn Saraçlının söylədiklərinə və elin yaddaşındakı rəvayətlərə görə, Qaranı vaxtilə toy-düyün məclisləri aparmaq üçün Borçalıdan Ahısqaya, Türkiyəyə, həmçinin digər bölgələrə daim səfərlər etmişdir. Belə səfərlər zamanı o, müəyyən müddət o bölgələrdə qalıb, həm aşıqlıq edir, həm də şəyirdlər yetişdirirmiş. Aşıqların söyləmələrindən məlum olur ki, ustad yaşının ahıl çağında şəyirdi Xəstə Hasanın bitkinliyini görərək aşıqlığı ona dövr etdikdən sonra ata yurdu Borçalının Saraçlı kəndinə qayıdaraq ömrünün sonunadək orada yaşamışdır.

Rəşad Saraçlı Əliyev 

 

QUL QARANI (AŞIQ QARANI) 

 

Ay ağa səni

 

Ərş üzündə pərvaz edən buludlar,

Oxşadır gözlərim ayağa səni,

Hər qətrəsin tutar bir əzim mələk,

Əmrsiz qoymazlar ay ağa, səni. 

 

Müşkül olsa, həkim atar nəxandan,

Qorxum yoxdur nə sultandan, nə xandan,

Mələkülmövt bir gün tutar yaxandan,

Qoymaz ki qalxasan ayağa səni.

 

Ey Qaranı, unutma beş vaxtını, 

Kufukar eyləmə tacı taxtını,

Soyarlar əynindən geyim rəxdini, 

Yuyarlar, bükərlər ay ağa səni. 

 

ŞAİR-AŞIQ QARANI VƏ XƏSTƏ HASANIN 3-CÜ DEYİŞMƏSİ 

 

Aşıq Qaranı

 

Bizi yoxdan var eyləyən o sübhannan ver xəbər, 

Səkkiz cənnət əzizi o qılmannan ver xəbər. 

O kimdi ki, hüllə biçər insanın sufatına,

Neçə bağa su verir, o bağbandan ver xəbər.

 

Xəstə Hasan

 

Bizi yoxdan var eyləyən o sübhannan al xabar, 

Səkkiz cənnət əzizi o qılmannan al xəbər. 

İdris Nəbi hüllə biçər insanın sufatına 

Doqquz bağa su verir o bağbandan al xəbər.

 

Aşıq Qaranı

 

 

Dinlərdən hansı din haqdı, mən tutmuşam o dini,

Ən ibtida kim görübdü Əzrayılın zəhmini,

O kimiydi, iki dəfə gördü ana rəhnini, 

Məkanın bul, məskənində o bir cannan ver xəbər.

 

Xəstə Hasan

 

Məhəmmədin dini haqdı, mən də tutdum o dini,

Qabil öldürdü Habili, gördü Əzrayılın zəhmini. 

Yunus Peyğəmbər iki dəfə gördü ana rəhnini,

Məkanı dərya, məskanı balıx, o bir cannan al xəbər. 

 

Aşıq Qaranı

Qaranı der, o kimdi, üryan gördü bir-birini,

O kimdi, kəndi əlinnən kəndi kəsər sərini. 

O kimdi, atasız gəldi əmdi ana şirini,

Bilsək nədən xəlq olundu, o bir cannan ver xəbər.

 

Xəstə Hasan

 

Hasan der, Adəmlə Həvva üryan gördü bir-birini,

Əzrayıldı, kəndi əlindən kəndi kəsər sərini,

Atasız gəldi dünyaya, əmdi ana şirini, 

İsa nurdan xəlq olundu, o bir cannan al xəbər.

 

(Qeyd: Şeirlər Hüseyn Saraçlının arxivindən götürlmüşdür)

Mədəniyyət