Qarabağ şəhidi haqqında kitab özbək dilində

post-img

Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Könül Fazilqızının Qarabağ şəhidi Teymur Məcidzadə haqqında Bakıda çap olunan “Şuşada bitən yuxu” kitabının özbək dilində təqdimatı keçirilib.

Tədbiri Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov açıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli kitab haqqında məlumat verib.

Sonra professor Nigina Şermuxammedova, şair və tərcüməçi Şəhla Qasımova, dosent Rəna Kadırova və başqaları 44 günlük Vətən müharibəsi zamanı Özbəkistan dövlətinin və xalqının Azərbaycanın yanında olduğunu diqqətə çatdırıblar.

Kitabı tərcümə edən Hulkaroy Racapova kitab üzərindəki işindən söhbət açıb.

Teymur Məcidzadənin anası Yasəmən Camalova bildirib ki, 28 yaşlı oğlu Vətəni anadan, atadan da artıq sevirdi, məhz bu sevgi də onu döyüşə apardı və şərəfli bir ömür yaşadı. Şəhər və kəndlərimiz azad olundu, xalqımız tarix yazdı.

Tədbir bədii hissə ilə bitib.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd

Mədəniyyət