Ağstafa şöhrətli yetirməsini yad etdi

post-img

Həmid Abbas – 90

Ölkənin ədəbi-mədəni ictimaiyyəti ötən əsrin 60-cı illərində ədəbiyyata gəlmiş, poetik yaradıcılığı ilə yanaşı, mətbuatda, partiya-həmkarlar orqanlarında məsul vəzifələrdə çalışmış istedadlı şair Həmid Abbasın 90 illik yubileyini mərhum soydaşımızın xatirəsinə dərin ehtiram, bədii irsinə və ictimai-siyasi fəaliyyətinə yüksək qiymət, qədirbilənlik duyğuları ilə qeyd edir.

Həmid Abbasın dünyaya göz açdığı, ilk şeirlərini qələmə aldığı Ağstafa torpağı da öz şöhrətli yetirməsini sevgi-sayğı ilə yad etdi. Yubiley şənliyinin iştirakçıları əvvəlcə Həmid Abbasın Ağstafa şəhərinin mərkəzi küçəsindəki büstünü ziyarət etdilər, sənətkarın ruhuna rəhmət dilədilər.

Ağstafa Rayon İcra Hakimiyyətinin Azərbaycan Yazıçılar Birliyi və Qazax–Tovuz Regional Mədəniyyət İdarəsi ilə birgə Heydər Əliyev Mərkəzində təşkil etdiyi mərasimə toplaşan rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, paytaxtdan gəlmiş qonaqlar Həmid Abbasın həyat və yaradıcılığını əks etdirən kitablar, fotolar və arxiv sənədlərindən ibarət sərgiyə baxdılar, onun bioqrafiyasına işıq salan materiallarla yaxından tanış oldular.

Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri Barat Vüsalın apardığı təntənəli mərasimdə unudulmaz sənətkarın və ictimai xadimin mənalı ömür yolundan, zəngin bədii yaradıcılığından və həmyerlilərinin onunla həmişə fəxr etdiklərindən ətraflı söhbət açıldı.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov yubilyarın həyat və yaradıcılığı barədə söz açaraq bildirdi ki, Həmid Abbas Məmmədəli oğlu 1935-ci il oktyabrın 10-da Ağstafa şəhərində qulluqçu ailəsində anadan olub. Ali təhsildən sonra Bakıda Dövlət İnformasiya Agentliyində müxtəlif vəzifələrdə çalışmış gənc tərcüməçi-redaktor burada özünü ideya-siyasi cəhətdən yetkin jurnalist, yaradıcılıq baxımından istedadlı qələm sahibi kimi təsdiqləyib. Həmid Abbas ali partiya təhsilindən sonra Azərbaycan KP MK-da məsul vəzifələrdə çalışıb, sonrakı dövrdə ömrünün sonunadək Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə rəhbərlik edib. Onun xidmətləri “Şərəf nişanı” ordeninə və müxtəlif medallara layiq görülüb.

Rayon rəhbəri qeyd etdi ki, bədii yaradıcılığı rəhbər vəzifələrlə yanaşı davam etdirmiş Həmid Abbas çoxsaylı şeir və poemaların, bir sıra poetik toplunun müəllifi kimi tanınıb. Lirik şeirlərinə yazılmış mahnılar onu daha da məşhurlaşdırıb. Ölkənin ictimai-mədəni həyatında fəal mövqeyi ilə seçilən Həmid Abbas doğulduğu torpaqla da daim sıx əlaqə saxlayıb, rayon şənliklərində, el məclislərində həmyerliləri ilə bir sırada olub. Bütün bunlar Həmid Abbasın unudulmaz xatirəsini əbədiyyətə qovuşduğu son 26 ildə qədirbilən insanların hafizəsində yaşadıb.

Məclisdə Respublika Ağsaqqallar hərəkatı fəalı, veteran dövlət qulluqçusu Xalid Kərimov, “Hüseyn Arif ədəbi məclisi”nin sədri, şair Saqif Qaratorpaq, rayon ağsaqqalı Gülgün Kərimov, tanınmış şairlər Rəfail İncəyurd və Mustafa Rasimoğlu Həmid Abbasın yeni nəslə örnək olan həyat və yaradıcılığından, ədəbi irsinin ictimai-bədii önəmindən söhbət açdılar, adının hər yerdə hörmətlə çəkildiyini, xatirəsinin həmişə əziz tutulduğunu söylədilər. Onlar Azərbaycan poeziyasına Həmid Abbasın gətirdiyi bənzərsiz lirikanı, vətənə, insana, əmək adamına olan sevgi və ehtiramı tərənnüm edən şeirlərini yüksək qiymətləndirdilər. Qeyd olundu ki, onun poetik dili sadə və axıcı olmaqla yanaşı, dərin mənəvi-estetik məzmun daşıyır və bu gün də dəyərini qoruyub saxlayır.

Həmid Abbasın qardaşı Teyyub Abbasov yubiley mərasiminin təşkilinə və söylənən xoş sözlərə görə razılığını bildirdi.

Mərasimin bədii hissəsində tanınmış mədəniyyət və incəsənət nümayəndələri Həmid Abbasın poeziyasına həsr olunmuş musiqi nömrələrini və onun qələmindən çıxmış şeirləri səsləndirdilər. Şairin sözlərinə bəstələnmiş mahnılar iştirakçıları yubilyarın sənət dünyasına qovuşdurdu.

Tahir AYDINOĞLU,
Hamlet QASIMOV
XQ
Ağstafa – Bakı

Mədəniyyət