XI Bakı Beynəlxalq Kitab Sərgisi
XI Bakı Beynəlxalq Kitab Sərgisinin ikinci günündə “Heydər Əliyevin vətən səfərləri” çoxcildliyinin təqdimatı keçirilib. Ulu öndərin liderlik fəaliyyətinin önəmli bir yönünə geniş işıq salan ensiklopedik nəşr ikicildlik lüğət və Ümummilli lider Heydər Əliyevin ölkənin regionlarına səfərlərini əks etdirən kitablardan ibarətdir.
Təqdimat mərasimində çoxcildliyin müəllifi Vəsimə İsmayılqızı yaradıcılıq prosesi barədə məlumat verib. Kitabın redaktoru İsmayıl Umudlu, “Azərnəşr” nəşriyyatının direktoru Əlövsət Ağalarov, Azərbaycan Yazıçılar Birliyinin Ədəbi Əlaqələr Mərkəzinin direktoru Əsəd Cahangir təqdim edilən çoxcildliyin Ümummilli lider Heydər Əliyevin xalqa xidmətə həsr olunmuş mənalı həyatını və zəngin irsini öyrənənlərə layiqli töhfə olduğunu söyləyiblər.
Bildirilib ki, “Heydər Əliyevin Vətən səfərləri” toplusunun I cildi onun rəhbərliyinin ilk dövrünü əhatə edir və 2023-cü ildə – “Heydər Əliyev İli”ndə işıq üzü görüb. II cild sonrakı illərə həsr edilib. Bu silsilədə Heydər Əliyevin bölgələrə səfərlərindən bəhs edən “Goranboyda izim qalıb”, “Beyləqandadır izim”, “Şuşada izim qalıb” kitabları da yer alıb.
“Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimatı keçirilib.
***
Kitab Sərgisində “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli şəkildə dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildi də iştirakçılara təqdim edilib.
Kitabın müəllifi, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proseslər çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri qayıtmaları, onların fundamental hüquqlarının bərpa və təmin olunması “Müxtəlif dövrlərdə həyata keçirilmiş deportasiya siyasəti nəticəsində soydaşlarımıza məxsus məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib. Bu isə beynəlxalq humanitar hüququn və insan hüquqlarının ciddi şəkildə pozulması deməkdir”.
Tədqiqatçı-alim Səbuhi Hüseynov vurğulayıb ki, seriyanın 5 hesabatdan ibarət olması nəzərdə tutulub: “I, II və III hesabatlarda Ermənistan dövləti tərəfindən məqsədli şəkildə dağıdılmış qəbiristanlıqlar, IV hesabatda məscidlər, V hesabatda isə pirlər və türbələr əksini tapacaq”.
Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, professor İbrahim Bayramov və Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, professor Fərrux Rüstəmov nəşrin mövzusunun aktuallığından və əhəmiyyətindən söhbət açıblar.
***
Beynəlxalq Kitab Sərgisi çərçivəsində Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Yazıçılar Birliyi və Litva Ədəbi Tərcüməçilər İttifaqının üzvü, ədəbiyyatşünas, publisist və tərcüməçi, litvalı yazıçı Balis Sruoqinin “Tanrılar meşəsi” romanını Azərbaycan dilinə tərcümə edən Mahir Həmzəyevlə görüş keçirilib.
Litva Respublikasının Azərbaycan Respublikasındakı səfiri Kestutis Vaşkeleviçus Azərbaycanla dostluğun möhkəmlənməsində ədəbi-mədəni layihələrin əhəmiyyətini qeyd edib, “Tanrılar meşəsi” romanının Azərbaycan dilində nəşrinin vacibliyini vurğulayıb. Mahir Həmzəyev əsərin bədii dəyəri, tarixi, milli, mədəni, sosial, geosiyasi əhəmiyyəti barədə fikirlərini bölüşüb. O qeyd edib ki, Sruoqinin romanı təkcə bəşər tarixinin faciəvi səhifəsinin təzahürü deyil, həm də keçmişin xatirəsini diqqətlə qorumaq zərurətini yada salan mühüm xatırlatmadır.
Balis Sruoqanın “Tanrılar meşəsi” romanını Azərbaycan dilinə tərcümə edən Mahir Həmzəyev təkcə tərcüməçi deyil, həm də xüsusi redaktor, tərtibçi, şərhlərin, izahlı qeydlərin və ön sözün müəllifi kimi fəaliyyət göstərib. Müəllif Sruoqa isə 1943-1945-ci illərdə Almaniyanın Ştutthof ölüm düşərgəsində dustaq olub və orada dəhşətli sınaqlara məruz qalıb.
***
Sərgidə Milli Aviasiya Akademiyasının Kitabxana-informasiya şöbəsinin təşkilatçılığı ilə “Səmanın sərhədində insan və texnologiya” mövzusunda təqdimat keçirilib.
Mərasimdə şöbə müdiri Günel Şıxəliyeva kitabxananın fəaliyyət istiqamətləri, yeni nəşrlər, elektron və çap məhsulları barədə ətraflı məlumat verib. Professor Kamal Əsgərov aviasiya və aerokosmik sahələrdə əldə olunan nailiyyətlərdən söz açaraq insan-texnologiya əməkdaşlığının yeni perspektivlər yaratdığını vurğulayıb. O, “Tətbiqi optoelektronika” dərs vəsaiti və “Ümumi metrologiya və kalibrləmə nəzəriyyəsi” monoqrafiyasını sərgi ziyarətçilərinə təqdim edib. K.Əsgərov Azərbaycanda optoelektronika sahəsində aparılan elmi-tədqiqat işləri, gecəgörmə cihazları, termal müşahidə qurğuları və lazer məsafə ölçənlərin yaradılması barədə geniş məlumat verib.
MAA-nın tələbələrinin hazırladığı layihələr təqdim olunub. Bədii hissədə tələbələr Azərbaycan klassik ədəbiyyatından qəzəl və musiqi nümunələri səsləndiriblər.
Hazırladı:
T.AYDINOĞLU
XQ