Hacıqabulda “Milli baş geyimi və örtükləri” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

post-img

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə kiçik qrant müsabiqəsinin qalibi olan Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi tərəfindən icra olunan “Milli baş geyimi və örtükləri” adlı layihə çərçivəsində 23 iyul 2025-ci il tarixində növbəti maarifləndirici-mədəni tədbir Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi Hacıqabul Rayon Mədəniyyət Mərkəzində keçirilib.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və videoçarxın nümayişi ilə başlayıb.

Tədbiri layihənin rəhbəri və aparıcısı, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Alıyeva açaraq layihənin məqsədləri, əhatə etdiyi fəaliyyətlər və görülən işlər barədə geniş məlumat verib. O bildirib ki, layihənin əsas məqsədi Azərbaycan xalqının qədim və zəngin geyim mədəniyyətinin mühüm tərkib hissəsi olan kişi və qadın baş geyimlərinin – kəlağayı, papaq, araqçın, örpək və digər ənənəvi örtüklərin tədqiqi, təbliği və gələcək nəsillərə ötürülməsidir.

Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xuraman Məmmədova, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Hacıqabul rayon üzrə nümayəndəsi Dövran Həsənov, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədr müavini Vüsal Əmirov, Birliyin idarə heyətinin üzvü Azadə Quliyeva, birliyin üzvü Zülfiyyə İsmayılova, Hacıqabul rayon Mərkəzi Kitabxanasının şöbə müdiri Aytəkin Mirzəyeva, Hacıqabul rayon Mədəniyyət Mərkəzinin solistləri Zakir Saniyev və Fatimə Saniyeva, rəqs ifaçısı Teyyubə Kərimova, gənc aşıq Nərmin Cəlal və digər yaradıcı şəxslər iştirak ediblər.

Çıxış zamanı, milli geyimlərin yalnız maddi deyil, həm də mənəvi dəyər daşıdığını qeyd edərək, bu cür təşəbbüslərin milli-mədəni irsin qorunması və gənc nəsillərə ötürülməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıblar. Onlar bu layihənin bölgələrdə keçirilməsini yüksək qiymətləndirərək, xalqın mədəni yaddaşının yaşadılması baxımından xüsusi rol oynadığını bildiriblər.

Tədbir çərçivəsində Azərbaycanın kişi və qadın baş geyimlərindən – kəlağayılar, papaqlar, araqçınlar və digər ənənəvi örtüklərdən ibarət sərgi nümayiş olunub. Bununla yanaşı, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi tərəfindən yaradılmış kəlağayı ədəbiyyatına dair nəşr olunmuş kitablar da ziyarətçilərin diqqətinə təqdim edilib.

Sonda layihə rəhbəri Güllü Alıyeva Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Hacıqabul Rayon İcra Hakimiyyətinə, Hacıqabul Mədəniyyət Mərkəzinə və tədbirdə iştirak edən bütün qonaqlara dərin təşəkkürünü bildirib.
Layihə çərçivəsində növbəti tədbirlərin Saatlı və Kürdəmir rayonlarında keçirilməsi nəzərdə tutulur.

XQ













Mədəniyyət