Mətbuatımızın qızıl tacı, ilk şəkilli, möhtəşəm “Molla Nəsrəddin” jurnalının 8 cilddə kitab şəklində nəşri alimlər, tələbələr, eyni zamanda mətbuat tarixi ilə maraqlanan bütün oxucular üçün dəyərli mənbədir.
Gələn ilin aprelində böyük demokrat ədib Cəlil Məmmədquluzadənin redaktorluğu ilə onun və “komanda”sının yüksək yaradıcılıq zirvəsi sayılan bu jurnalın ilk nömrəsinin çapının 120 yaşı tamam olacaq. Tiflis şəhərində nəşr olunmağa başlayan jurnal Qafqaz regionunda baş verən hadisələrə güzgü olub, müsəlman Şərqinin, xüsusilə Azərbaycan xalqının milli özünüdərkində, oyanışında mühüm rol oynayıb. Jurnal 1917-ci ilə qədər Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr edilib.
Kitab halında nəşrdə jurnalın ilk sayında verilmiş “Tiflis 7 aprel” sərlövhəli baş məqalə, “Məcmuəmizə müştəri olanlara nəsihət”, “Molla Nəsrəddinin teleqramları”, “Bilməli xəbərlər”, “Dəllək”, “Atalar sözü” və digər yazılar, həmçinin 4 müxtəlif karikatura və bir neçə elanla başlayan ilk addımlar tədricən daha inamlı irəliləyişə səbəb olub və oxucularla 748 görüş kimi tarixə düşüb. Artıq növbəti dəfə “Çinar yayınları”nda küll halında çıxan “Molla Nəsrəddin”i əldə etmək imkanı yaranıb.
Ə.DOSTƏLİ
XQ