“Böyük Azərbaycan naminə”
Tədqiqatçı və ictimai xadim Adıgözəl Məmmədovun Azərbaycan tarixində görkəmli iz qoymuş dövlət və partiya xadimi, diplomat, tibb elmləri doktoru, professor, Əməkdar həkim Əziz Əliyevin ictimai və siyasi fəaliyyətinə həsr olunan “Böyük Azərbaycan naminə” kitabı ingilisdilli oxuculara təqdim olunub.
Müəllif ictimai dövriyyəyə yenicə buraxılmış arxiv sənədlərinə əsaslanaraq, Əziz Əliyevin Cənubi Azərbaycanda və Dağıstanda işlədiyi illərin hadisələrinə yeni baxış bucağından nəzər salıb. Kitabda qeyd olunur ki, müharibənin qızğın vaxtında, Moskvadakı müəyyən qüvvələr Qafqaz xalqlarının Orta Asiyaya köçürülməsi məsələsini SSRİ Dövlət Müdafiə Şurası qarşısında qoymağa hazırlaşırdılar və ilk seçim Dağıstan xalqlarının üzərinə düşürdü. Belə bir “perspektiv”in qarşısının alınmasında Dağıstan Vilayət Partiya Komitəsinin 1-ci katibi Əziz Əliyevin qətiyyəti böyük rol oynayıb. Əziz Əliyev başda olmaqla, oraya göndərilən insanların fədakar əməyi sayəsində onlar öz məqsədlərinə çatıblar. Müharibə illərində və müharibədən sonra bu respublikada sürgünə səbəb olacaq heç bir neqativ fakt meydana çıxmayıb və Dağıstan xalqlarının köçürülməsi məsələsi bir daha qaldırılmayıb.
Bu tədqiqat əsərində faktoloji baxımdan tariximizin bir çox gizli səhifələrinə işıq salınıb.
“Ənvər Həsənova vida”
AYB və AJB-nin üzvü Vasif Ayanın mərhum kino aktyoru, Xalq artisti Ənvər Həsənovun xatirəsinə yazdığı kitab belə adlanır.
Qeyd edək ki, bu, müəllifin unudulmaz aktyor haqqında 2-ci kitabıdır. Daha öncə onun “Ənvər Həsənovun xatirələri” adlı kitabı çap olunmuşdu. “Qanun” nəşriyyatında hazırlanmış yeni kitabda aktyorun ömrünün son illəri ilə bağlı müəllifin özəl xatirələri, onun yaxınlarının duyğu və düşüncələri də yer alıb.
...Rejissor Arif Babayev ilk dəfə onu İçərişəhərdə görüb bəyənmiş və sənətə gəlməyi tövsiyə etmişdi. O vaxt Ənvərin cəmi 14 yaşı var idi. Hökumət Evində yerləşən kinoaktyor məktəbinə ərizə yazıb. Adil İsgəndərov, Mehdi Məmmədov, Hökümə Qurbanova, Leyla Bədirbəyli kimi böyük sənətkarlar ondan imtahan götürüblər. Ənvər 2 il yarım orada dərs alıb. Sonra köhnə kinostudiyada böyük sənətkarların çəkilişlərinə həm assistent, həm də ədəbi köməkçi və rejissor köməkçisi kimi qatılıb. Ustadlarının köməyi ilə sənətin zirvəsinə yüksəlib. Onun kino aləmində tanınmasında Arif Babayevin “Uşaqlığın son gecəsi” filmində canlandırdığı Murad obrazı mühüm rol oynayıb. Hətta Ənvər nəvəsinə də Murad adını vermişdi. Ondan əvvəl “Səma dənizi” filmində də həm assistent, həm aktyor kimi fəaliyyət göstərmişdi. Sonra “Yeddi oğul istərəm” filmində Cəlal obrazını canlandırıb.
Kövrək və duyğusal məqamları çox olan “Ənvər Həsənova vida” kitabının geniş oxucu kütləsinin diqqətini cəlb edəcəyi şübhəsizdir.
“Səhra qartalı”
Yazıçı-publisist Reyhan Mirzəzadənin yeni nəşr olunmuş bu kitabı İkinci Dünya müharibəsinin 80 illiyi çərçivəsində görkəmli rus yazıçısı Mixail
Şoloxovun həyatı və yaradıcılığına həsr olunub.
Nəfis tərtibatla çap olunan kitabda təkcə Azərbaycan qəhrəmanları deyil, həm də digər xalqların müharibədə göstərdikləri fədakarlıqlar geniş şəkildə əks olunub. Kitab maraqlı tarixi faktlar, ədəbi irs nümunələri və müharibə mövzusuna dair nadir poeziya parçaları ilə zəngindir. 1965-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş Şoloxovun yaradıcılığı Azərbaycan ədəbiyyatının inkişafına da təsir göstərib.
Yeni kitabın təqdimatında qeyd olunub ki, “Səhra qartalı” tarixi və ədəbi baxımdan əhəmiyyətli nəşrdir.
Ə.ƏLİYEV
XQ