Natiq Məmmədlinin “150 ilin söhbəti” kitabı”

post-img

Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə Azərbaycan Dövlət Nəşriyyatı yazıçı, əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədlinin “150 ilin söhbəti” kitabını nəşr edib. Kitabda müəllifin otuz il ərzində apardığı araşdırmaları, oçerkləri, məqalələri və müsahibələri, habelə mediaya aid  bədii yazıları əksini tapıb.

Azərbaycanın uzunmüddətli etibarlı tərəfdaşı və regionda həyata keçirilən iri enerji layihələrinin əsas operatoru olan BP (British Petroleum) şirkətinin dəstəyi ilə çap olunmuş kitab Azərbaycanın milli mətbuat tarixinin və müasir jurnalistikanın öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Kitabın əsas qayəsini milli-mənəvi dəyərlərin qorunması, tarixi yaddaşın dirçəldilməsi və dövlətçilik ideyalarının təbliği təşkil edir. Bu ana mövzular çərçivəsində təqdim olunan məqalə və yazılar, eyni zamanda, müasir Azərbaycan jurnalistikasının inkişaf meyillərini də əhatə edir. Müəllifin milli mətbuat tarixinə yanaşması sistemli və analitik xarakter daşıyır, bu da kitaba həm publisistik, həm də elmi dəyər qazandırır. Müəllifin publisistik fəaliyyətinin və yaradıcı axtarışlarının yalnız müəyyən bir hissəsini əhatə edən kitab maarifçi fikir adamlarının zəngin irsinin geniş oxucu kütləsinə təqdim olunmasına, eyni zamanda ölkədə publisistika ənənələrinin daha dərindən tanıdılmasına və yayılmasına mühüm töhfə verir. 

Kitabın elmi redaktoru Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, rəyçiləri Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov və Mətbuat Şurasının sədri Rəşad Məcid, redaktoru isə Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyndir. Azərbaycan mətbuat tarixi sahəsində tanınmış alim, Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli  kitaba ön söz yazıb. 

Bir neçə gün əvvəl “Ədibin Evi”ndə “150 ilin söhbəti” kitabının təqdimat mərasimi keçirilib.

XQ

Mədəniyyət