Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti xanım Aktotı Raimkulova Səmərqənd şəhərinə İslam Dünyasının Mədəniyyət Paytaxtı statusunun verilməsi münasibətilə keçirilən mərasimdə iştirak məqsədli rəsmi səfər edib. Səfər çərçivəsində o, ISESCO-nun Baş direktoru cənab Salim bin Məhəmməd əl-Malik ilə ikitərəfli görüş keçirib.
Görüşdə ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə edilib və mədəniyyət, təhsil, eləcə də tarixi və mədəni irsin qorunması sahələrində birgə təşəbbüslərin həyata keçirilməsində qarşılıqlı maraqlar ifadə edilib. Görüşün yekunu olaraq, Fond və ISESCO arasında Anlaşma və Əməkdaşlıq Memorandumunun hazırlanması və imzalanması barədə razılıq əldə olunub.
Aktotı Raimkulova, Səmərqəndə İslam Dünyasının Mədəniyyət Paytaxtı statusunun verilməsi münasibətilə Baş direktoru təbrik edib və bu təşəbbüsün təkcə Özbəkistan deyil, bütün İslam və Türk dünyası üçün əhəmiyyətini vurğulayıb. Fondun Prezidenti ISESCO-nun mədəni irsin qorunması və təbliği sahəsindəki səylərinə tam dəstəyini bildirib.
Raimkulova türk ölkələrindəki tarixi və mədəni abidələrin bərpası və qorunması ilə bağlı sistemli və elmi yanaşmanın vacibliyini qeyd edərək, bu sahədə çoxcildli metodik vəsaitin birgə hazırlanmasını da təklif edib. Bundan əlavə, muzey işçilərinin ixtisasartırması, xüsusi təlim proqramlarının təşkili, birgə forumlar və mədəniyyət müəssisələrinin peşəkar potensialının artırılmasına yönəlmiş tədqiqat layihələri də müzakirə olunub.
Anar ƏLİ
XQ