ADA Universitetinin Qazax Mərkəzi ilə “Keşikçidağ” Qoruğu arasında elmi və mədəni əməkdaşlıq əlaqələri güclənir

post-img

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən ADA Universitetinin Qazax Mərkəzində sərgi və elmi sessiya təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərgidə qoruq ərazisində həyata keçirilən elmi-tədqiqat və arxeoloji qazıntılar nəticəsində üzə çıxarılmış zəngin maddi-mədəniyyət nümunələri, qoruğa məxsus çap məhsulları nümayiş olunub. Tədbir iştirakçılarına regionun çoxəsrlik tarixindən, etnoqrafik xüsusiyyətlərindən və arxeoloji potensialından bəhs edən dəyərli məlumatlar verilib.

Sərginin keçirilməsində məqsəd ADA Universitetinin Qazax Mərkəzi ilə "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu arasında elmi və mədəni əməkdaşlıq əlaqələrini gücləndirmək, gənc tədqiqatçıların bu sahəyə marağını artırmaq və bölgənin unikal tarixi irsinin daha geniş ictimaiyyətə çatdırılmasına töhfə verməkdir.

Sərgi başa çatdıqdan sonra Qoruğun təşəbbüsü ilə ADA Universitetinin Qazax Mərkəzinin müəllim və magistrantlarının iştirakı ilə elmi sessiya təşkil edilib.

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov tərəfindən “Qazax və Ağstafa rayonlarında yerləşən Tunc dövrü abidələri” mövzusunda məruzə təqdim olunub. Məruzədə Qarasoy və Karvan dərəsi kurqanlarında aşkar edilmiş, qədim türk tayfalarından olan skiflərə məxsus olduğu ehtimal edilən artefaktlar və onların regionun tarixində tutduğu yer barədə ətraflı məlumat verilib.

 











Mədəniyyət