Qazaxıstanın Kustanay şəhərində “Monofest” teatr festivalı keçirilib. Ölkəmizi festivalda Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov təmsil edib. Aktyor bu barədə dedi:
– Festivalda 6 gün ərzində 12 tamaşa nümayiş olundu. Biz festivala Patrik Züskindin “Kontrobas” monotamaşası ilə qatıldıq. Tamaşa yüksək səviyyədə qarşılandı. Bağlanış mərasimində isə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olundu. “Kontrobas” monotamaşası 2 nominasiya üzrə – “Bədii konsepsiya və parlaq ifa harmoniyasına görə” və “Tamaşaçı rəğbətinə görə” mükafatlara layiq görüldü. Festival müddətində, digər ölkə teatrlarının aktyor və yaradıcı heyəti ilə görüşlər keçirdik, gələcək festivallar barədə müzakirələr apardıq. Yeni bir məlumatı da nəzərinizə çatdırım. Növbəti teatr festivalı isə iyunun 1-dən 8-nə qədər Udmurtiya Respublikasının paytaxtı İjevsk şəhərində baş tutacaq. Orada da “Kontobas” monotamaşası ilə iştirak edəcəyik.
Qeyd edək ki, uzun illərdir teatrın repertuarında olan və bir çox festivallarda uğurla nümayiş etdirilən səhnə işi ensiklopedik biliklərə malik qəhrəmanı və onun həyata baxışlarını nümayiş etdirir. Sarkazm və yumoristik məqamlarla zəngin olan tamaşada qəhrəmanımızın yeganə ünsiyyət vasitəsi isə kontrabasdır. O bu musiqi aləti ilə xoş ünsiyyət quraraq, tamaşaçılara “insan öncə özü-özünə sədaqətli olmalıdır” mesajını ötürür.
Fidan SALMANOVA
XQ