Daşkənddə jurnalist Qulu Kəngərlinin “İki xalqın oğlu Firudin Səfərov” kitabı çap olunub

post-img

Daşkənddəki “Renessans press” nəşriyyatı “Xalq qəzeti”nin Türküstan üzrə müxbiri Qulu Kəngərlinin Əlişir Nəvai adına Özbəkistan Dövlət Opera və Balet Teatrının baş rejissoru, Azərbaycanın və Özbəkistanın Xalq artisti, Dövlət mükafatı laureatı mərhum Firudin Səfərov haqqında Azərbaycan, özbək, türk və rus dillərində “İki xalqın oğlu Firudin Səfərov” kitabını nəfis tərtibatla çap edib. 

Kitabda Azərbaycanın və Özbəkistanın Xalq artisti, Dövlət mükafatı laureatı Firudin Səfərovun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilir. Qeyd olunur ki, F.Səfərov 1968-ci ildə N. A. Rimski-Korsa­kov adına Leninqrad Dövlət Konservatori­yasının musiqili teatr rejissorluğu fakültə­sini bitirib.

Həmin il Azərbaycan Dövlət Akade­mik Opera və Balet Teatrında quruluşçu rejissor kimi fəaliyyətə başlayan istedadlı rejissor qısa müddətdə yüksək yaradıcılıq imkanlarına, dərin səhnə duyumuna ma­lik olduğunu göstərə bilib. F.Səfərov Bakı teatrında populyar milli və klassik opera tamaşalarına quruluş verib, teatr aləmin­də bacarıqlı rejissor kimi nüfuz qazanıb. Azərbaycanda çalışdığı müddətdə 40-a yaxın dövlət səviyyəli tədbirin hazırlanma­sı Firudin Səfərova həvalə olunub.

Sovet dönəmində maraqlı işləri ilə bü­tün İttifaqda tanınan rejissor 1977-ci ildə Əlişir Nəvai adına Özbəkistan Dövlət Ope­ra və Balet Teatrına dəvət alıb. Daşkənddə yaşadığı 47 il ərzində müasir və klassik operalara, o cümlədən P. İ. Çaykovskinin “Qara­toxmaq qadın”, “İolanta”, Q. Donisettinin “Sevgi şərbəti”, C. Verdinin “Traviata”, “Riqoletto”, “Trubadur”, C. Rossininin “Sevilya bərbəri”, S. Prokofyevin “Odlu mələk” və başqa əsərlərə maraqlı səhnə həyatı verib.

Firudin Səfərov Özbəkistanda keçi­rilən kütləvi bayramların bədii rəhbəri və quruluşçu rejissoru olub. Qardaş ölkədə çalışdığı vaxtlarda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Üzeyir Hacıbəyli­nin “Leyli və Məcnun”, “Koroğlu”, türk bəstəkarı Nevit Kodallının “Van Qoq” və görkəmli Azərbaycan bəstəkarı Vasif Adıgözəlovun “Natəvan” operalarına  quruluş verib.

F.Səfərov Bakı və Daşkənd teatrlarından əlavə Türkiyə, Rusiya, Belarus, Qazaxıstan və digər ölkələrdə tamaşalar hazırlayıb. Rejissor ümumiyyətlə bu teatrlarda 70-dən çox klassik və müasir operaya səhnə həyatı verib.

Firudin Səfərov Daşkənd Dövlət Konservatoriyasının professoru kimi gənc opera rejissorlarının hazırlanmasında da müstəsna xidmət göstərib. 

Rejissorun 70, 80, 85 və 90 illik yubi­leyləri Daşkənddə yüksək səviyyədə qeyd olunub, ictimai və musiqi fəaliyyətindəki xidmətlərinə görə Firudin Səfərov Özbə­kistanın “Əmək şöhrəti”, “Görkəmli xid­mətlərə görə”, “Fədakar xidmətləri üçün” ordenləri ilə və medallarla təltif olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə diaspor quruculuğu sahəsin­dəki xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb.

Firudin Səfərov ötən il iyulun 26-da 91 yaşında Daşkənddə vəfat edib.

 

 

 

 





Mədəniyyət