“Nemesis” haqqında bir neçə söz

post-img

Bu kitabın ilk bir neçə səhifəsini oxumaq kifayətdir ki, öz üslubuna, yazı və dünyanı qavrama manerasına, bununla paralel olaraq, öz dünyasını yaratmaq və onun bədii təqdimatını vermək bacarığına görə tam fərqli bir müəlliflə üz-üzə durduğunun fərqinə varasan. Biləndə ki, həmin müəllifin cəmi iyirmi altı yaşı var, heyrətlənməmək mümkün deyil. Bəs onu başqa yazıçılardan fərqləndirən nədir? Cavab çox uzun ola bilər, amma mən qısa deməyə çalışacağam:

– Azərbaycan nəsrinin çoxdan daşlaşmış ənənəvi bağlarını cəsarətlə qırıb ədəbiyyata yeni yanaşmalarla gəlməsi;

– xarici konfliktlərdən imtina edib daxili konfliktə, hisslər dünyasına üstünlük verməsi və əminliklə deyirəm – uğur qazanması;

– mətn boyu müəllif “mən”inin daim hiss olunması və onun yaratdığı personajların içində əriməsi, hətta eyniləşməsi...

Qisas ilahəsi Nemesisin adını daşıyan romanın ən maraqlı cəhətlərindən biri müəllifin yaratdığı qəhrəmanı yazıçı Yasonun yazmaqda olduğu əsərdə boy göstərən personajların əsərin əsas və real qəhrəmanları ilə ünsiyyəti, onların bir-birinin həyatında və əməllərində iştirakı, hətta əlyazmanın sıradan çıxarılması nəticəsində hansısa uyğun personajın məhv olması və ya psixoloji sarsıntılara uğramasının çox maraqlı epizodlarla təqdimatıdır.

İyirmi altı yaşlı İmranın 21 yaşında yazdığı “Nemesis” əsəri kəskin dramatik süjetə hesablanmayıb. Burada həyat, insan, gənclik, qocalıq, ömrün mənası, dünyanın məzmunu, qadın-kişi münasibətlərinin dərin psixoloji qatlarının çox fərqli ifadəsi, bədbəxtlik və xoşbəxtlik kimi fikirlər, insan və insanlıq haqqında ümumiləşdirmələr diqqətdən yayınmır.

Ümumiyyətlə, bu əsər haqqında danışanda, ilk növbədə, ağıla gələn fikir axını, ifadə sərbəstliyi və hisslərin zənginliyidir...

Burada sözümü bitirib gənc yazıçının ilk kitabını oxuculara təqdim etməklə bərabər müəllifə böyük yaradıcılıq uğurları arzulayıram.

Əli ƏMİRLİ,
yazıçı – dramaturq,
Əməkdar incəsənət xadimi, professor

Mədəniyyət