Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Rusiyada yaşayan şair, yazıçı Eldar Əhədovun “Avrasiyanın türk toponimləri” və “Bizim yaddaşımızın məbədi” kitablarının təqdimat mərasimi keçirildi. Toplantını görkəmli şərqşünas, türkoloq alim, Azərbaycanın əməkdar elm xadimi, professor Tofiq Məlikli açaraq Eldar Əhədovun çoxşaxəli yaradıcılığından danışdı.
Sonra, şair-publisist ixtisasca geoloq-neftçi olan Eldar Əhədovun tükənməz yaradıcılığı haqqında tanınmış qələm sahibləri, elm nümayəndələri öz fikirlərini bildirdilər. Filologiya elmləri doktorları, professorlar - Minaxanım Təkəli, Abid Tahirli, Nuridə Novruzova, Flora Naci, Həbib Zərbəliyev, ərəbşünas alim Fazil Güney, Milli Məclisin deputatı Fazil Mustafa və başqaları Sibirin hər qarışında türkün köklərini axtaran geoloq-neftçi, şair-publisist Eldar Əhədovun yazdıqlarının təsir gücündən bəhs etdilər. Publisistik dillə milli kimliyimizin tanıdılmasına xidmət edən, Türk Etnosunun mahiyyətini açmağa çalışan Eldar Əhədov neft yataqlarının qazıntısında belə poetik düşüncələrini qələmə alıb.
Diasporla İş Üzrə Dövlət Komitəsinin nümayəndəsi Tural Səfərov bildirdi ki, Eldar Əhədov haqqında Böyük Rus Ensiklopediyasında ətraflı bəhs olunub. O qeyd etdi ki, Eldar Əhədovun zəngin yaradıcılığını, seçilmiş əsərlərini bütün dünyaya tanıtmalıyıq. Çünki, onun yazıb-yaratdıqları Böyük Türk Etnosuna xidmət edir. Eldar Əhədovun əsərləri milli qürur hissimizin, milli şüurumuzun reallığıdır.
Vətəndən uzaqlarda Azərbaycan sevgisi ilə yaşayıb-yaradan şair yazdığı şeirlərdən bir neçəsini oxudu və onun əməyinə qiymət verən ziyalılara, qələm dostlarına öz minnətdarlığını bildirdi.
Tədbirin sonunda müəllifə yeni yaradıcılıq uğurları arzulayan iştirakçılar qeyd etdilər ki, milli kimliyimizi tanıtmaq qədər vətənpərvər bir missiyaya xidmət etmək Eldar Əhədovun həyatının qayəsi, mayasıdır. Avrasiyanın Türk toponimlərini tədqiq etmək şair-publisistin Böyük Türk Etnosuna sonsuz məhəbbətinin təzahürüdür.
Kəmalə ABDİNOVA
XQ