Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri Elbəy Məmmədzadə və qrupunun təqdimatında caz konserti ilə başa çatıb.
Qırğızıstan Milli Konservatoriyasında keçirilən bağlanış konsertində Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov, qırğızıstanlı həmkarı Timurlan Ajımaliyev, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, hər iki ölkənin mədəni-ictimai xadimləri və media mənsubları iştirak ediblər. Hər iki ölkənin mədəniyyət nazirlərinin müavinləri çıxış edərək beş gün davam edən Azərbaycan Mədəniyyəti Günlərinin yüksək səviyyədə təşkilindən, qırğız ictimaiyyəti tərəfindən göstərilən maraq və diqqətdən söz açıblar.
Çıxışların ardınca Elbəy Məmmədzadə və qrupunun iştirakı ilə caz konserti nümayiş olunub.Qrup yerli və xarici caz nömrələri ilə rəngarəng proqram təqdim edib.
Bununla da aprelin 20-dən başlayan Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri başa çatıb.