Özbəkistan Yazıçılar İttifaqında Azərbaycan yazıçısı Pərvinin Daşkənddəki “Dunyo nashr” nəşriyaytında özbək dilində çap olunan “Yaxşı ki, sən varsan” kitabının təqdimatı keçirilib. Kitabı orijinaldan alim və tərcüməçi Babaxan Məhəmməd Şərif çevirib.
Təqdimat mərasimini Özbəkistan Yazıçılar İttifaqının sədri Siracəddin Səyyid açaraq Pərvinin yaradıcılığı haqqında məlumat verib. O deyib ki, Pərvinin Özbəkistanda “Qar yağacaq” adlı ilk kitabı bir neçə il bundan əvvəl Babaxan Şərifin tərcüməsində işıq üzü görüb və özbək oxucuları tərəfindən maraqla qarşılanıb. Məhz bu marağın nəticəsidir ki, tərcüməçi yazıçının ikinci kitabına müraciət edib.
Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin müəllimi, dosent Adxambek Alimbekov, tanınmış şair və tərcüməçi Tahir Qəhhar, Türkiyənin Özbəkistandakı səfirliyinin mədəniyyət məsələləri üzrə katibi Həmid Turşucu və başqaları çıxış edərək yazıçının əsərləri haqqında söhbət açıblar.
Sonda Pərvin çıxış edərək təqdimat üçün Özbəkistan Yazıçılar İttifaqına, kitabın çapı və tərcüməsinə görə Babaxan Məhəmməd Şərifə və təqdimat mərasiminə qatıldıqlarına görə iştirakçılara təşəkkürünü bildirib.
Qulu Kəngərli,
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd