Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı iyunun 6-dan 25-dək ölkəmizdə ilk dəfə “Opera günləri” adlı genişmiqyaslı layihə təqdim edəcək.
Qurumun mətbuat xidmətindən bildiriblər ki, teatr iyun ayı ərzində təşkil ediləcək silsilə tədbirlər çərçivəsində bir-birindən maraqlı və zəngin proqramlarla çıxış edəcək. Belə ki, teatr həvəskarları milli klassik operalarımızın səhnə təqdimatları ilə yanaşı, Avropa opera sənətinin möhtəşəm nümunələri ilə tanış olmaq imkanı qazanacaqlar. Həmçinin tanınmış vokal ustaları ilə açıq ustad dərslər, elmi konfranslar təşkil ediləcək, müasir dövr üçün aktual müzakirələr aparılacaq. Layihə çərçivəsində regionlarda klassik musiqi ifaçılarının çıxışları, opera ulduzları ilə görüşlər, yeni formatda təqdimatlar, həmçinin “İlin ən fəal tamaşaçıları” xüsusi nominasiyasının keçirilməsi də nəzərdə tutulub.
Yalnız səhnə sənəti deyil, həm də mədəniyyətimizin təbliği, operaya marağın və yeni tamaşaçı auditoriyasının formalaşdırılması məqsədilə keçiriləcək “Opera günləri” layihəsi haqqında ətraflı məlumatı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəsmi sosial şəbəkə hesablarından əldə etmək olar.