2 gün əvvəl Sumqayıt Dövlət Dram Teatrının səhnəsində ömrünü sənətə həsr etmiş istedadlı dramatik aktyor, bədii qiraət ustası, quruluşçu rejissor, Əməkdar artist Namis Şirməmmədovun anım günü “20 ildən sonra” tamaşası ilə qeyd olunub. Tamaşadan əvvəl səhnə əsərinə quruluş vermis teatrın baş rejissoru, Prezident mükafatçısı, Xalq artisti Firudin Məhərrəmov mərhum sənətkarın haqqında məlumat verdi, onun yaradıcılığının mühüm məqamlarını xatırladı və təqdim olunan əsərdəki bəzi səhnələrin Namis Şirməmmədovun sənət yolu ilə bir paralel təşkil etdiyini vurğuladı. “Xalq qəzeti”nin əməkdaşı Əli Nəcəfxanlı, teatrın aktyoru Siyavuş Mahmudov 1 il əvvəl haqqa qovuşmuş istedadlı aktyor və rejissor, gözəl dost Namis Şirməmmədovla bağlı həzin xatirələrini dilə gətirdilər.
Sonra Sumqayıt Dövlət Dram Teatrının repertuarında önəmli yer tutan tamaşa başlandı. Tanınmış dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin “20 ildən sonra” pyesi əsasında hazırlanmış səhnə əsəri ömrünü-gününü teatr sənətinə həsr etmiş bir ailə üzvlərinin cari qayğıları haqqındadır. Qeyd edək ki, bundan öncə Sumqayıt səhnəsində Əli Əmirlinin “Xeyir xəbər”, “Köhnə ev”, “Sevgilim Sumqayıt” və “Varlı qadın” pyesləri də uğurla səhnələşdirilib. Bu tamaşanın obrazlarında həyatın gerçəkliklərini yaşayan, mənəvi-psixoloji təbəddülatlarda çırpınan, bəzən də bəxtiyarlıq səmasında süzən aktyorların şəxsi həyat səhnələri maraqla qarşılanır. Teatr səhnəsi ilə həyat səhnəsinin təzadları, qarışıq rənglərlə bəzənmiş ömür tablosu, sənət eşqi ilə çılpaq həyat həqiqətlərinin antoqonizmi əsərin ana xəttini təşkil edir.
Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Firudin Məhərrəmov, rəssamı Sevinc Həsənova, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir. Rollarda Əməkdar artistlər Rauf Ağakişiyev (Otello), Xatirə Süleymanova (İşıq xanım), Cəlal Məmmədov (Səfir), İlahə Səfərova (Mim – qadın), aktyorlar Mətləb Səfərli (Qoca), Məryəm Hüseynli (Ofeliya), Kamran Muradlı (Hamlet) və Etibar Əmirli (Mim – kişi) oynayırlar.
Tamaşanın ayrı-ayrı sənhələri öz dramatizmi və aktyor oyununun təbiilikləri ilə diqqət çəkirdi. Sənhə əsəri salonda tamaşanı maraqla izləyən teatrsevərlər, o cümlədən şəhid ailələrinin üzvləri tərəfindən dönə-dönə alqışlandı.
Xatırladaq ki, Sumqayıt sənətçiləri ötən il bu tamaşanı Bakıda Aktyor evində “Qonaq teatr” layihəsi çərçivəsində də uğurla təqdim edib.
Ə.ƏLİYEV
XQ