Elmin nəqşi, Cahanın qüdrəti….

post-img

Naxçıvan Dövlət Universitetində keçirilən “Elmi inkişaf: uğurlar və çağırışlar” adlı gənc tədqiqatçıların II Respublika Elmi Konfransı çərçivəsində Naxçıvan Muxtar Respublikasına ilk səfərim baş tutdu. Təəssüratlarım öncədən formalaşan təsəvvürümü daha da çox doğrultmşdu. Təbiətin əsrarəngizliyi, şəhərin monumental üslubu, insanların özünəməxsus istiqanlılığı artıq iştirak edəcəyim tədbirin də yaddaqalan olacağından xəbər verirdi.

Naxçıvan Dövlət Universitetinin kampusunda inkişafyönümlü müsbət mühit, müəllim-tələbə tandeminin akademik səviyyədə baş tutması, hətta onlara sosial baxımdan yaradılan şərait bu təhsil ocağının aliliyinin təcəssümü idi.

Hər bir universiteti öz ölkəsinin ictimai həyatının üzvi hissəsi kimi formalaşan canlı bir orqan olaraq qəbul etsək, bunun həmin ölkənin milli-mənəvi dəyərləri, tarixi və coğrafi mövqeyi ilə birbaşa əlaqəsini görmüş olarıq. 

Müasir Azərbaycan quruculuğunda elm və təhsil müəssisələrinin fəaliyyətinin yüksək səviyyədə olmasını yaxşı anlayan və təkcə anlamaqla yetməyib onu peşəkarcasına həyata keçirməyi bacaran zəngin tarixə malik Naxçıvan Dövlət Universitetində  bu xüsusiyyətləri görmək çox qürurverici idi.

Müdriklərdən biri söyləmiş; elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun, elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin. NDU-nin kampusunda yaradılan şərait, zəngin kitabxana, müxtəlif tələbə təşkilatları, klub və cəmiyyətlərin fəaliyyəti gənc bir tələbənin öz sahəsində təhsil alması ilə bərabər həm də bir şəxsiyyət kimi yetişməsinə zəmin yaradır. Nəzəriyyənin  elmin ruhu, təcrübəninsə cismi olduğunu öz fəaliyyəti və tədris planları ilə həyata keçirən pedaqoqlar tələbələrə məhz sahib olduqlarınn fəlsəfəsini aşılamağı öyrədirlər. Beynəlxalq təhsil mübadiləsində əcnəbi tələbələrin məhz bu iniversitetdə təhsil alması yerli tələbələrin də mədəniyyətlərarası sivizizasiyaya ineqrasiyasına müsbət mənada geniş zəmin yaradır. Kampusda yataqxanaların və sosial məkanların mövcudluğu bu mənada tələbələrə rahatlıq verir.

Elm təşkilatlanmış bilikdir. Yalnız doğru yönəlmiş elm  öz işığı ilə gələcəyə mayak ola bilər. Tələbələrinə məhz elm və ona yiyələnmək arzusu aşılamayan bir müəllim soyuq dəmiri döyən dəmirçi kimidir. Məhz bu mənada NDU-nun rektoru, dosent Elbrus İsayevin və peşəkar komandanın səyi nəticəsində  tədqiqat sahəsində də önəmli addımlar atılır. Müxtəlif elmi layihələr və konfranslar təşkil edilir. Universitetdəki tələbələr və müəllimlər elmi fəaliyyətlərə cəlb olunur və bu, akademik mühitin daha da zənginləşməsinə şərait yaradır.

Universitetin tarixinə faktların dili ilə nəzər salsaq görərik ki, Naxçıvan Dövlət Universiteti ölkədə yeganə kampuslu universitetdir.

10 fakültə, 45 kafedra, magistratura mərkəzi, xarici tələbələrlə iş üzrə dekanlıq, 3 kollec (Naxçıvan Musiqi Kolleci, Naxçıvan Texniki Kolleci və Naxçıvan Tibb Kolleci), 1 beynəlxalq məktəb (NDU Beynəlxalq Kembric Məktəb) və 1 gimnaziyası (İngilis dili Təmayüllü Gimnaziya) olan müasir tipli və çoxprofilli təhsil sisteminə malik ali təhsil müəssisəsi kimi çoxfunksionallığı nümayiş olunur.

NDU-da bakalavr, magistratura, rezidentura və doktorantura daxil 250-ə yaxın proqram üzrə hazırlıq aparılır.  Dünyanın 150-yə yaxın universiteti ilə elmi təhsil mübadiləsi aparılır.  Əcnəbi tələbə kontingentinə görə ölkə universitetləri arasında  sıralamada 1-ci yerdədir. Hazırda ali təhsil ocağında  15 ölkədən 1500-dən çox əcnəbi tələbə təhsil alır. Universitetdə Azərbaycan dili ilə yanaşı İnformasiya təhlükəsizliyi, İqtisadiyyat, Tibb  fakultələrində  tədris  ingilis dilində keçirilir.

Bununla yanaşı Naxçıvan Dövlət Universitetinin 150 nəfərdən ibarət Simfonik orkestri,  Tələbə Teatr Studiyası, “Qədim Xalq Çalğı Alətləri” Ansamblı”, o cümlədən Konservatoriyanın  fəaliyyət göstərməsi oranın ədəbi-bədii, mədəni mühitinin inkişafına müsbət təsir edir.

Bu maraqlı faktı da qeyd etmək yerinə düşər ki, ölkə universitetləri arasında  ancaq Naxçıvan Dövlət Universitetinin nəzdində Beynəlxalq Kembric (Kembric Lisenziyal)  Məktəbi fəaliyyət göstərir ki, burada da dərslər, tədris vəsaitləri ingilis dilində təqdim olunur.

Naxçıvan Dövlət Universiteti Beynəlxalq SAT  Qeydiyyat və imtahan mərkəzi olan ilk dövlət Ali Təhsil Müəssisəsidir.

Beynəlxalq  IELTS Qeydiyyat və İmtahan mərkəzi Azərbaycan ali təhsil məkanında ilk dəfə olaraq NDU-da yaradılıb.

Naxçıvan Dövlət Universitetində tələbəyönümlü təhsil sistemi tətbiq edilir.

2024-cü il NDU tarixində 2198 nəfərin təhsilini bitirməsi ilə ən çox məzun yetişdirdiyi il olub.

Ali təhsil ocağında kadr hazırlığı ilə 524 nəfər professor müəllim heyəti fəaliyyət göstərir.

Elmi dərəcəlilərin kadr potensialı illər üzrə artaraq 2024-cü ildə 229 nəfərə çatıb.

Universitetin beynəlxalq reytinqlərdə yer alması, tədris və tədqiqatın keyfiyyətinin təkmilləşdirilməsi məqsədi ilə əcnəbi professorların davamlı olaraq cəlb edilməsi əsas prioritet məsələlərdən biridir. Hələ təkcə 2024-cü ildə 10 əcnəbi professor, o cümlədən Nobel mükafatçısı Əziz Səncər  təlim və tədqiqata cəlb edilib,

NDU həm ölkə, həm də respublika səviyyyəli konfransların təşəbbüsçüsü və ev sahibi kimi böyük layihələrə imza atır. Naxçıvan Dövlət Universitetində 2024-cü ildə 27 konqres, konfrans və simpozium keçirilib. Bunlardan 13-ü beynəlxalq, 13-ü respublika, 1-i ali məktəb daxili elmi tədbirlər olub. “Qərbi Azərbaycana qayıdış”, “Tibbi forum”,“Apiterapiya və təbiət”, “İpək yolu”,  “Azərbaycan Psixoloqlar Forumu”, “Süni intelekt: nəzəriyyədən praktikaya” kimi layihələr xüsusilə missal göstərmək olar.

Cəsur, yenilməz Naxçıvan xalqı Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin “Yolumuz Zəngəzuradır!” şüarı altında mübarizəyə müsəlləh əsgər olmağa hazırdır. Belə ki, Naxçıvan məmləkət olaraq öz ziyalıları ilə bərabər “Qərbi Azərbaycana Qayıdış” festival/konqresinə də ev sahibliyi edib.

Dahi Nizami Gəncəvinin dəyərli misralarına xitabla Naxçıvan şəhərinin tarix boyu blokada şəraitində olduğu dönəmlərdə  özünə qalxan etdiyi ən böyük silahın məhz elm olduğunu gördük.

Bağlı bir qapıya açar axtarsan,
Ancaq alimlərdə axtar, taparsan.

Bəli, ciddi iqdisadi, siyasi, coğrafi blokadalara məruz qalan Naxçıvanı qalib edən onun milli-mənəvi dəyərlərinə,qədim tarixinə sahib çıxması, insanının mərdliyi və cəsarəti oldu.

Hər zaman var olmada, qələbə çalmada  elminə güvənən NDU-nun təşkilatçılığı ilə 4 min nəfər gənc məzunun və 40-a yaxın dövlət, özəl qurumların iştirakı ilə ilk dəfə Karyera sərgisi açılıb.  Burada fəalyyət göstərən Tibb fakültəsi  Avropa Tibb Tələbələri Assosiasiyasına ( EMSA) üzv qəbul olunaraq ölkə təmsilçisi statusu qazanıb,  Naxçıvan Dövlət Universiteti ROBOTEX-in ölkə təmsilçisi kimi Bakı şəhərində Dünya Robot Festivalının Avrasiya Çempionatını təşkil etdi və 5 mindən artıq iştirakçı qeydə alınıb. NDU-nun təsisçisi olduğu Beynəlxalq Tibbi Forum İstanbulda, Yeditəpə Universitetində Türkdilli Dövlətlərin Tibb Qurultayı (ikinci forum) adı altında təşkil edilib.

Dünyanın Texnologiya lideri olan IBM-lə NDU arasında əməkdaşlıq müqaviləsinə əsasən Universitetdə IBM Mərkəzi istifadəyə verilib.

Dövlət Proqramı çərçivəsində ölkədə ilk dəfə NDU-da 21 tələbə ilə Tibb ixtisası üzrə SABAH qrupları yaradılıb.

Bu qeyd olunan faktlar  Naxçıvan Dövlət Universitetinin fəaliyyət prinsiplərinin yalnız bir səhifəsidir.

Prezident İlham Əliyevin 2025-ci il 4 aprel tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin tabeliyinə Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu və Batabat Astrofizika Rəsədxanası kimi elmi müəssisələrin  verilməsi dövlət başçısının Naxçıvan Dövlət Universitetinə göstərdiyi böyük etimaddır.

Biz də öz növbəmizdə qonağı olduğumuz, dünəni, bu günü, tarixi,  fəaliyyəti ilə yaxından tanış olub təqdir etdiyimiz Naxçıvan Dövlət Universitetinə uğurlar diləyirik. Öz təbii, elmi, bioloji potensialı ilə Azərbaycan təhsil sisteminə yeni töhfələr verəcəyinə əminik !

Fəxriyyə İsayeva
Sənətşünaslıq üzrə fəlsəfə doktoru

 







Mədəniyyət