Bu gün Bakıda Qətər Mədəniyyəti Günləri başlanır. Mədəniyyət Nazirliyindən aldığımız xəbərə görə, saat 15:00-dan etibarən Dənizkənarı Milli Parkda, müxtəlif təyinatlı pavilyonlarda Qətərin milli geyimləri, mətbəxi, musiqi, toxuculuq və kalliqrafiya sənəti nümunələri təqdim olunacaq. Gün ərzində həmin ərazidə Qətərdən gəlmiş musiqi qrupları konsertlər verəcək.
Heydər Əliyev Mərkəzində isə Qətər Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçiriləcək. Gecədə Qətərin incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunacaq.
Qeyd edək ki, 2024-cü ilin fevral ayında Qətərin paytaxtı Dohada təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri dost ölkədə mədəniyyətimizin təntənəli təqdimatı ilə yadda qalıb. Ondan bir neçə il əvvəl isə ölkəmizdə ilk dəfə Qətər Mədəniyyəti Günləri keçirilib.
Bakıda Qətər Mədəniyyəti Günləri aprelin 13-dək davam edəcək.
XQ