Daşkənddə “Odlar Yurdu Azərbaycan” sevgisi

post-img

Аzərbаусаnın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Şarofiddin Tolaqanovun Daşkənddə özbək dilində çap olunmuş “Odlar Yurdu Azərbaycan” kitabının təqdimat mərasimi keçirilib.

Əlişir Nəvai adına Milli Kitabxanada keçirilən mərasimdə Özbəkistan Jurnalistlər İttifaqının sədri Xolmurad Salimov tanınmış jurnalist Şarofiddin Tolaqanovun yaradıcılığı haqqında məlumat verib, onu Azərbaycan sevdalısı olan jurnalist kimi xarakterizə edib.

Daha sonra çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev bildirib ki, Şarofiddin Tolaqanov Odlar yurdunu sevən bir jurnalistdir, səfirliyimizlə daim əməkdaşlıq edir, bir neçə dəfə ölkəmizdə səfərdə olub, işğaldan azad edilmiş torpaqlarımıza gedib, erməni vandalizmini öz gözləri ilə görüb. Bu səfərlərin nəticəsində yaranan kitab artıq ortadadır. Səfir nəşrdə Azərbaycan xalqı, dövlətçilik tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, milli bayramları, hüzn günləri, ümummilli lider Heydər Əliyev, Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, mədəniyyət mərkəzi olan Şuşa, Qarabağ, torpaqlarımızın erməni işğalından azad olunması, Azərbaycan–Özbəkistan tarixi, mədəni əlaqələri haqqında geniş məlumatların verildiyini də qeyd edib.

Özbəkistanın UZA Milli İnformasiya Agentliyinin direktoru Abdusaid Kuçimov Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin tarixindən, şair və yazıçılarımızın, alimlərimizin dostluğundan danışıb, Azərbaycan və özbək xalqlarının böyük oğlu, özbək ədəbiyyatının klassikinə çevrilən Maqsud Şeyxzadənin əsərləri haqqında söhbət açıb. O, Şarofiddin Tolaqanovun “Odlar Yurdu Azərbaycan” kitabının son illərdə Azərbaycan haqqında Özbəkistanda yaranan ən yaxşı əsər olduğunu vurğulayıb.

Əlişir Nəvai adına Milli Kitabxananın direktoru Umida Taşbayeva, yazıçı Tulkin Eşbek, jurnalist İslam Zakirov və başqaları Şarofiddin Tolaqanovu peşəkar bir jurnalist və dost kimi xarakterizə ediblər.

Sonda Şarofiddin Tolaqanov əməkdaşlığa, yaradılan şəraitə və təqdimata görə Azərbaycanın Özbəkistandakı səfirliyinə, səfirliyin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinə və Əlişir Nəvai adına Milli Kitabxanaya minnətdarlıq edib.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd

Mədəniyyət