Daşkənddə “Odlar Yurdu Azərbaycan” kitabının təqdimatı keçirilib

post-img

Аzərbаусаnın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə tanınmış özbək tədqiqatçı-jurnalisti Şarofiddin Tolaqanovun Daşkənddə özbək dilində çap olunmuş “Olovlar Yurti - Ozarbayjon” (Odlar Yurdu Azərbaycan) kitabının təqdimat mərasimi keçirilib. 

Əlişir Nəvai adına Milli Kitabxanada keçirilən mərasimdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistanın elm, mədəniyyət xadimləri, şair və yazıçılar, jurnalistlər, tələbələr iştirak edib. 

Tədbirin moderatoru Özbəkistan Jurnalistlər İttifaqının sədri Xolmurad Salimov təqdimat mərasimini açaraq tanınmış jurnalist Şarofiddin Tolaqanovun yaradıcılığı haqqında məlumat verib, onu Azərbaycan sevdalısı olan jurnalist  kimi xarakterizə edib. 

Daha sonra çıxış edən Səfir Hüseyn Quliyev bildirib ki, Şarofiddin Tolaqanovun Azərbaycanı sevən bir jurnalistdir, səfirliyimizlə daim əməkdaşlıq edir, bir neçə dəfə ölkəmizdə səfərdə olub, işğaldan azad edilmiş torpaqlarımıza gedib, erməni vandalizmini öz gözləri ilə görüb. Bu səfərlərin nəticəsində yaranan kitab artıq ortadadır. Hüseyn Quliyev nəşrdə Azərbaycan xalqı, dövlətçilik tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, milli bayramları, hüzn günləri, Ümummilli Lider Heydər Əliyev, Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, mədəniyyət mərkəzi olan Şuşa, Qarabağ, torpaqlarımızın erməni işğalından azad olunması, Azərbaycan-Özbəkistan tarixi, mədəni əlaqələri haqqında geniş məlumatların verildiyini də qeyd edib. 

Özbəkistanın UZA Milli İnformasiya Agentliyinin direktoru Abdusaid Kuçimov Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin tarixindən, şair və yazıçılarımızın, alimlərimizin dostluğundan danışıb, Azərbaycan və özbək xalqlarının böyük oğlu, özbək ədəbiyyatının klassikinə çevrilən Maqsud Şeyxzadənin əsərləri haqqında söhbət açıb. O, Şarofiddin Tolaqanovun “Odlar Yurdu Azərbaycan” kitabının son illərdə Azərbaycan haqqında Özbəkistanda yaranan ən yaxşı əsər olduğunu vurğulayıb.

Çıxış edən Əlişir Nəvai adına Milli Kitabxananın direktoru Umida Taşbayeva Şarofiddin Tolaqanovun yaradıcılığı haqqında danışıb, onu Özbəkistanın ən istedadlı jurnalisti kimi səciyyələndirib, bu yaxınlarda jurnalistin kitablarını Fransaya göndərdiklərini bildirib. 

Sonra şair və yazıçı Tulkin Eşbek, jurnalist İslam Zakirov və başqaları Şarofiddin Tolaqanovun yaradıcılığından söz açaraq, onu peşəkar bir jurnalist və dost kimi xarakterizə ediblər. 

Sonda Şarofiddin Tolaqanov əməkdaşlığa, yaradılan şərait və təqdimat mərasimi üçün Azərbaycanın Özbəkistandakı səfirliyinə, kitabın ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə və Əlişir Nəvai adına Milli Kitabxanaya minnətdarlıq edib, kitab üzərindəki işindən danışıb.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd







Mədəniyyət