Bahar Muradova: Biznesmen qadınların sayı artır

post-img

BMT-də Qadınların Statusu Komissiyasının 69-cu sessiyası çərçivəsində “Rəqəmsal trendlər: qadın sahibkarlığı və gələcək iqtisadiyyat formalaşdırılması” adlı yan tədbir keçirilib. Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edib. 

Bahar Muradova Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında aparılan işlər barədə qonaqları məlumatlandırıb və qeyd edib ki, bu sahədə Azərbaycanın təcrübəsi unikaldır və öyrənilməsi vacibdir: “Bu ərazilər həm bizim istifadəmizdən çıxmışdı, həm də orada yaşayan əhali doğma yerlərindən kənarda məskunlaşmışdı. Bu prosesdə onların yeni həyata qatılması və uğur qazanması çətin idi. Azərbaycan hökuməti də daha çox bu şəxslərin dövlətin imkanları hesabına yaşayışını təmin etdi”.

B.Muradova qeyd edib ki, azad olunmuş ərazilərə qayıdan əhalinin, xüsusilə qadınların yeni yaradılmış standartlar səviyyəsində yaşayış vərdişlərini və bacarıqlarını əldə etmələri üçün təlimlər keçirilir. Onun sözlərinə görə, Azərbaycan hökuməti bu ərazidə də daha çox ailə bizneslərinin, xüsusilə qadınların rəhbərlik etdiyi bizneslərin yaradılmasına üstünlük verir.

Qadınların iqtisadi səlahiyyətlərinin və biznes bacarıqlarının artırılması, məşğulluq sahəsində gender fərqlərinin aradan qaldırılmasına yönəlmiş layihələrdən bəhs edən B. Muradova qeyd edib ki, ölkəmizdə məşğul əhalinin 48 faizini, sahibkarların isə 23 faizini qadınlar təşkil edir. “Regionlarımızdakı mərkəzlər vasitəsilə qadınlarımız həm bacarıqlar əldə edir, biznes layihələr hazırlayır, maliyyə mənbələrini əldə etməsi üçün dəstək alır, həm də onları təqdim etmək, bazarlara çıxarmaq, satış imkanları əldə etmək üçün dövlətin və müvafiq qurumların dəstəyini alır”- deyə Komitə sədri əlavə edib.

B.Muradova vurğulayıb ki, getdikcə həm torpaq sahibkarlarının, həm də biznes subyektlərinin sırasında qadınların sayı artmaqdadır. O bildirib ki, dövlət məsələnin bu istiqamətinə ciddi diqqət yetirir və bu sahədə atılmış addımlar qısa müddətdə müsbət nəticələrini verəcək. 

Komitə sədri bu mövzunun bütün beynəlxalq platformalarda müzakirəsinin və bununla bağlı əməkdaşlığın artırılmasının vacib olduğunu diqqətə çatdırıb.

Z.HÜSEYNOVA

XQ



Sosial həyat