Türkiyədə 65 və daha yuxarı yaşı olan əhalinin sayı beş il ərzində 20,7 faiz artaraq ötən il 9 milyon 112 min 298 nəfərə çatıb. Bununla da ölkədə bu yaş kateqoriyasının ümumi əhaliyə görə nisbəti 10,6 faizə yüksəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Statistika Qurumunun məlumatında bildirilib.
Məlumatda qeyd edilib ki, ötən il Türkiyənin yaşlı əhalisinin 44,6 faizini kişilər, 55,4 faizini isə qadınlar təşkil edib.
Bununla bağlı aparılan hesablamalara görə, ölkədəki yaşlıların ümumi əhaliyə görə nisbətinin 2030-cu ildə 13,5 faiz, 2060-cı ildə 27 faiz, 2100-cü ildə isə 33,6 faizədək yüksələcəyi gözlənilir.