Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və kino sənayesi nümayəndələrinin də iştirakı ilə "Cinema Talks" (“Kino söhbətləri”) adlı panel müzakirə keçirilib.
Nazirliyin “Yaradıcı Azərbaycan” layihəsinin tədbirlər planı çərçivəsində təşkil olunan müzakirələr zamanı Azərbaycan kino sənayesinin gələcək inkişafı və beynəlxalq əməkdaşlıq imkanları barədə geniş diskussiya aparılıb, Azərbaycan kino sənayesindəki mövcud vəziyyət haqqında fikirlər səsləndirilib. Azərbaycan Respublikası Kino Agentliyinin əməkdaşı Səbinə Bağırova ölkəmizdə xarici şirkətlər tərəfindən film çəkilişlərinin həyata keçirilməsi və həmin təşkilatlar tərəfindən bu sahəyə 10 milyon dollar məbləğində investisiya yatırması haqqında məlumat verərək, müştərək film istehsalı, bu sahənin inkişaf perspektivləri və beynəlxalq əməkdaşlıq məsələləri haqqında danışıb. Sonra, çıxış edən aktyor Azər Aydəmir Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının əsaslı şəkildə bərpa edilməsini təklif edərək, “Kinopark” layihəsi haqqında məlumat verib. Bildirib ki, kino sahəsində inkişaf prosesinə dəstək verən, “təşəbbüs qrupu” adlandırılacaq bir neçə nəfərdən ibarət qrupun üzvləri tərəfindən bu sahənin inkişafı ilə bağlı kinostudiyanın həyətində yeni infrastruktur salınması nəzərdə tutulur:
- Əgər bu layihəyə müəyyən şirkətlər tərəfindən sərmayə qoyularsa, burada kino sahəsində çalışanlar, ümumiyyətlə bu sahəyə marağı olan insanlar üçün hərtərəfli şərait yaradılacaq.
Panel müzakirələrdə, həmçinin kino xadimlərinin də iştirakı ilə kino fondlarının müştərək istehsal etdikləri filmlərin çəkilişi, kinoteatr infrastrukturunun inkişafı, regionlarda yeni kinoteatrların açılması, dublyaj sənayesinin dəstəklənməsi və başqa mövzular haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Cinema talks” layihəsi kino sənayesində çalışan rejissorlar, prodüserlər, aktyorlar, ssenaristlər və kinoya maraq göstərən digər şəxslər üçün yeni əməkdaşlıqlar qurmaq və bu sahədə perspektivləri inkişaf etdirmək baxımından mühüm platforma rolunu oynayacaq.
Fidan SALMANOVA
XQ