Azərbaycan Respublikasının Xalq artisti Xuraman Hacıyeva İkinci Dünya müharibəsinin bitməsinə 2 ay qalmış Ucar rayonunun Müsüslü kəndində dünyaya göz açıb və sənəti ilə aləmə işıq saçıb.
Hələ orta məktəb dövründən dram dərnəklərində iştirak edən, istedadı ilə seçilən Xuraman 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə daxil olub. İkinci kursda oxuyarkən rejissor Tofiq Tağızadənin yeni həyat verdiyi “Arşın mal alan” bədii filmində Asya roluna çəkilib. Bunu xatırlayanda Süleyman bəyə aşıq olub oxuduğu səhnə yada düşməyə bilmir:
Gözәlim, yar gözәlim,
Bir sözüm var, gözәlim.
Bu yazıq yarına hәrdәn
Bir nәzәr sal, gözәlim...
“Arşın mal alan”dan 1 il keçincə “O geri çəkilməlidir” filmində rol alıb. Amma bundan sonra nəyə görəsə Xuraman xanım özü bir növ geri çəkilib. Teatr İnstitutunda təhsilini yarımçıq qoyaraq Gəncəyə gedib və buradakı DDT-də aktrisa işləməyə başlayıb, maraqlı rollar qalereyası yaradıb. Eyni zamanda oradakı Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirib.
Sonra Bakıya qayıdan Xuraman Hacıyeva 1972-ci ildə Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. Arada neçə il Naxçıvan teatrında aktrisalıq etməsini nəzərə almasaq, Gənc Tamaşaçılar Teatrı onun əsas sənət ünvanı olub. Burada oynadığı Ceyran (“Yolda”, Hüseyn Arif), Qızılgül (“Aycan”, Xanımana Əlibəyli), Rəna (“Təzə şagird”, Qılman İlkin), Eyzəngül (“Şirinbala bal yığır”, Salam Qədirzadə), Gülsüm (“Yadındamı?”, Altay Məmmədov), Gülzar (“Tamahkar”, Süleyman Sani Axundov), Cemma (“Ovod”, Etel Lilian Voyniç), Humay, Ceyran (“Komsomol poeması” və “Çal-oyna”, İsgəndər Coşqun), Firəngiz (“Məhəbbət novellası”, Şamil Xurşud və Əşrəf Hacıyev), Yetər (“Hacı Qəmbər”, Nəcəf bəy Vəzirov), Mərcan, Şirin (“Mənim nəğməkar bibim” və “Yazığam, sevmə məni”, Əkrəm Əylisli), Cəvahir xanım, Nəzakət (“Büllur sarayda” və “Sən həmişə mənimləsən”, İlyas Əfəndiyev), Səkinə (“Ərizə”, Əli Əmirli), Zərnigar (“Sınaq pillələri”, Ramiz Heydər), Nərgiz (“Bir sahilin adamları”, Xalidə Hasilova), Pəri (“Kiçik təpə”, Nəbi Xəzri), Sona xanım (“Qonşu qonşu olsa...”, Rəşid bəy Əfəndiyev) səhnə obrazları aktrisanın yaradıcılıq nailiyyətləri sayılır.
Kinoda isə müəyyən fasilədən sonra “Gilas ağacı”, “Bakıda küləklər əsir”, “Ömrün səhifələri”, “İşgüzar adamlar”, “Birisigün gecəyarısı”, “Hədiyyə”, “Hökm” adlı filmlərdə çəkilib.
Xuraman xanım aktyor Tariyel Qasımovla yaxın dost olub. Hətta kuluarlarda onların bir-birinə isti münasibət bəslədikləri də söylənirdi. Tariyel Qasımov müsahibələrinin birində bu məsələyə belə aydınlıq gətirib: “Xuraman çox gözəl xanım idi. Mənim ən parlaq və sevilən rollarım onunla tərəf müqabili olduğum tamaşalarda bəyənilib. İndi desəm ki, bir-birimizə biganə idik, düz çıxmaz. Həmişə sevgi rolları oynadığımız üçün tamaşaçılar da elə bilirdilər ki, biz bir ailəyik. Hətta küçədə bizi yaşlı qadınlar saxlayıb, bir-birinizə çox yaraşdığımızı deyirdilər. Xuraman da onlara cavab verirdi ki, biz evli deyilik, sənət dostuyuq. Doğrudan da, münasibətlərimiz həmkarlıqdan, tərəf müqabillikdən, dostluqdan o yana keçməyib. Bəlkə də sizə qəribə gələcək, ancaq ailə quracağım xanımı da sonralar mənim üçün məhz Xuraman seçmişdi. İstəyirdi ki, hər şeyin yaxşısı mənim olsun, xoşbəxt olum”.
O, öz zahiri və daxili gözəlliyi ilə səhnədə oynadığı rollara da bir gözəllik qatıb. Sənətinin parlaq ulduzu olan Xuraman Hacıyeva yaxşı xörək bişirməyi, paltar tikməyi, məclis qurmağı bacarıb. Nə qədər nikbin görünməyə çalışsa da, sonralar həyatında urcah olduğu çətinliklər onu tədricən qaraqabaq və qəmgin adama çevirib. Hətta evsiz də qalıb və o zaman bir müddət rəfiqəsi və həmkarı Məsumə Babayevanın mənzilində yaşayıb.
Aktrisa Məsumə Babayeva bir müsahibəsində deyib: “Teatra Xuraman Hacıyeva ilə birgə gəlmişik. Xuraman tamaşalarda çox rol alırdı. Digər aktrisalar da buna görə onu qısqanırdılar. Çalışırdılar ki, Xuramanı gözdən salsınlar, rollarını əlindən alsınlar. Lakin o da hamının cavabını verə bilirdi, özünü heç vaxt kimlərinsə yanında sındırmırdı. Bir ara küsüb getdi Naxçıvan Teatrına. Elə orada da Xalq artisti adını aldı. Səhnədə olanda bir üzü gülürdü, biri ağlayırdı. Evdəki problemlərini rollarına siraət etdirməzdi”.
Bu isə Xalq artisti Yasin Qarayevin fikirləridir: “Xuraman Hacıyeva səhnədə gözlənilməz vəziyyətlərdən böyük ustalıqla çıxmağı bacarırdı. Onda qeyri-adi, çoxlarında olmayan səhnə şarmı, mədəniyyəti var idi. Mən bunu sirr kimi qəbul edirəm. Xuraman səhnədə tərəf müqabilinə köklənməyi bacarırdı. Həddindən artıq həssas idi. Lirik-psixoloji rolları bacarıqla oynayırdı.
“Komsomol poeması” əsərində mən Cəlalı, o Humayı oynayırdıq. Həmin rolu Gəncə Dövlət Dram Teatrında da oynamışdı, hazırlıqlı gəlmişdi. Əsl Humay idi. Xuraman Hacıyeva böyük bir məktəb keçmişdi. Onunla oynamaq çox rahat idi. Sözsüz səhnələri də Xuraman xanım gözəl oynayırdı. Özü də Leyla Bədirbəylini çox sevirdi, hiss olunurdu ki, bəzi səhnələrdə ona bənzəmək istəyir. Leyla Bədirbəylini çox sevdiyi üçün qızına da Leyla adını vermişdi. Allah ona rəhmət eləsin”.
Xuraman Hacıyeva 2005-ci il fevralın 5-də işdən evə gedərkən qəfildən ürəyini tutub küçədə yıxılıb. Küçədəki insanlar onu xəstəxanaya aparsalar da, aktrisanın həyatını xilas etmək mümkün olmayıb. O, 59 yaşında vəfat edib. Amma işıqlı xatirəsi ürəklərdə yaşayır.
Ə.ƏLİYEV
XQ