“Rustavi – 2”də soydaşımızın ifa məharəti heyranlıq yaradıb

post-img

Gürcüstanın “Rustavi 2” telekanalında yayımlanan “Göstər səsini” musiqili layihəsinin son buraxılışında Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin əməkdaşı Leyla Əliyeva da iştirak edib.

Proqramın formatı intriqaya əsaslanır: iştirakçılar arasında həm həqiqi vokalçılar, həm də sadəcə musiqi istedadına malik olduqlarını inandırmağa çalışanlar iştirak edirlər. Münsiflərin əsas vəzifəsi isə kiminsə həqiqi müğənni olub-olmadığını müəyyənləşdirməkdir.

Leyla Əliyeva əvvəlcə şounun formatına uyğun şəkildə gürcü dilində bir mahnını fonogramla təqdim edib. Onun səhnədəki çıxışı və ifası münsiflərdə şübhə doğurub. Onlar inanmayıblar ki, o, gürcü dilində mahnı ifa edir. Nəticədə münsiflər onun həqiqi müğənni olmadığına qərar veriblər və Leylaya Azərbaycan dilində mahnı ifa etməyi təklif ediblər.

Bundan sonra Leyla münsiflər qarşısında canlı ifaya başlayıb və əsl səsini göstərib. Zalda olan hər kəs bu səsin, ifanın gözəlliyi qarşısında heyrətə gəlib. Onun ifası həm tamaşaçılar, həm də münsiflər tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Leyla Əliyeva Azərbaycanın Xalq artisti Sara Qədimovanın dillər əzbəri olmuş “Küsüb getdi” mahnısını ifa edib. Bu gözlənilməz dönüş yalnız studiyada deyil, sosial şəbəkələrdə də böyük əks-səda doğurub.

Bir çox tamaşaçı qeyd edib ki, Leyla Əliyevanın çıxışı təkcə onun vokal istedadını nümayiş etdirməyib, həm də bir daha sübut edib ki, incəsənət insanları birləşdirə, stereotipləri sındıra və dünyaya yeni baxış bucağı təqdim edə bilir. Leyla Əliyevanın çıxışı mövsümün ən yaddaqalan ifalarından biri kimi qiymətləndirilib.

Paşa ƏMİRCANOV
XQ

Mədəniyyət