Azərbaycan Yazıçılar Birliyinin (AYB) ədəbi-bədii orqanı olan aylıq “Ulduz” jurnalının xüsusi buraxılışı Türkiyənin “Gənc ürəklər” dərgisində oxuculara təqdim edilib.
Bu dərgilər ötən ildən birgə yaradıcı layihənin icrasına başlayıblar. Belə ki, “Ulduz”un sentyabr sayında “Gənc ürəklər” dərgisi müəlliflərinin əsərləri Türkiyə türkcəsində işıq üzü görüb. Bu, hər iki ölkədə maraqla qarşılanıb. İndi isə rüblük “Gənc ürəklər”in qış sayı “Ulduz”a qucaq açıb. Azərbaycanın görkəmli ədəbiyyat nümayəndələrinin qələmindən çıxan bir-birindən gözəl yazılar, əsərlər dərgidə Azərbaycan türkcəsində yayımlanıb. Dərgi nəşr olunan gündən etibarən, istər Türkiyə, istərsə də Azərbaycan mətbuatında ədəbi hadisə ilə bağlı yazılar yer alıb.
“Gənc ürəklər” dərgisinin sahibi və yayın başqanı, şair Möhtərəm Şahin mətbuata açıqlamasında deyib: “Bir millət,iki dövlət: Azərbaycan - Türkiyə” şüarı ilə ortaq sayları çıxan dərgilərimiz Türk mədəniyyəti və ədəbiyyatını layiqincə təbliğ edir. Bu təşəbbüsü “Ulduz”un baş redaktoru, sayın Qulu Ağsəs irəli sürüb. Zira illərdir ki, Türk dünyasının böyük mütəfəkkiri İsmayıl bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik” sözü hər iki xalqın ziyalılarının düşüncə və əməllərində özünü doğruldur. Ötən ay dərgimizin bu ortaq sayını Bakıya göndərə bildik. Orada, Azərbaycan Yazıçılar Birliyində çox gözəl bir tanıtım mərasimi oldu və böyük ustadımız Anar dərgilərimizdən öygü ilə bəhs etdi. Minnətdarlıq və şükranlarımı bildirirəm”.
Möhtərəm Şahin onu da qeyd edib ki, “Gənc ürəklər” dərgisinin yaradıcı heyəti olaraq may ayında Bakıda baş tutacaq IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına dəvətlidirlər. Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin “O da ulu, bu da ulu, Azərbaycan – Türkiyə!” misraları ilə açıqlamasını bitirən Muhterem Şahinin fikirlərinə “Azərbaycan Türk dünyasının şah damarıdır!” fikri ilə nöqtə qoyub.
“Ulduz”un baş redaktoru Qulu Ağsəsin bildirdiyinə görə, dərgilərin uğurlu əməkdaşlığı barədə qardaş ölkənin “Ankara Ulus”, “İlksayfa” və “Ana Haber Gazete” saytları ilə bərabər geniş xəbər mətnləri yayımlayılbar. Qoşa addımların daha da möhkəm olması arzulanıb.
Ə.ƏLİYEV
XQ