AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin (Qəzənfəroğlu) “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı III cildliyinin (əlavələrlə təkrar nəşrinin) təqdimat mərasimi keçirilib.
Mərasimi giriş sözü ilə açan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə bildirib ki, kitab olduqca böyük zəhmət hesabına başa gəlib: “Kitablarda maraqlı və yeni məqamlar çoxdur, müəllifin dəsti-xəttinin özünəməxsus olması xüsusi olaraq seçilir. Müəllif kitablarda zəngin mənbələrdən istifadə etməklə tarixən cavabı verilməyən bir çox suallara aydınlq gətirib”.
Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Eynulla Mədətli müəllifin əsərlərində Azərbaycan tarixinə, ədəbiyyatına, mədəniyyətinə bütöv yanaşma olduğunu bildirib və qeyd edib: “Müəllif üç cilddən ibarət olan kitabda çox məharətlə tədqiqi etdiyi mövzular arasında məntiqi ardıcıllıq yarada bilib. Araşdırmaçı alimin gərgin zəhmətinin bəhrəsi olan bu 3 cildlikdə filosof Azərbayan Türk fəlsəfi və ictimai fikir tarixini sistemli şəkildə təhlil edib, uğurlu tədqiqat aparmışdır”.
Millət vəkili, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu bildirib ki, Faiq Ələkbərlinin 3 cildliyi milli birliyimizi, bütövlüyümüzü ifadə etmək, Türk ruhunu yenidən canlandırmaq baxımından çox önəmlidir. Çünki Prezident İlham Əliyev də çıxışlarında yeni milli ideyanın vacibliyindən, Türk ailəsindən bəhs edir. Ona görə də, bu institutda bu kimi əsrlərin nəşri prezidentimizin irəli sürdüyü məqsədlərə, ideyalara da uyğundur.
Tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə qeyd edib ki, bütöv Azərbaycan fəlsəfəsini, tarixini, ədəbiyyatını öyrənmək baxımından Faiq Ələkbərlinin əsərləri çox önəmlidir. Onun sözlərinə görə, bu üçcildliyin Azərbaycanda və ondan kənarda geniş şəkildə təbliğatını aparmaq lazımdır.
Fəlsəfə elmləri doktoru Füzuli Qurbanov deyib ki, Faiq Ələkbərlinin kitabları özünəməxsus bir iradə, axtarış, yanaşmadır. Müəllifin üçcildlikdə əsas qayəsi Azərbaycan xalqının fəlsəfəsinə, elminə təfəkkürünə xidmət etmək olub.
Üçcildliyin elmi redaktoru fəlsəfə elmləri doktoru, professor Rafail Əhmədli bildirib ki, Faiq Ələkbərlinin üçcildlik kitabı XIX-XX əsrlərdə yaşamış Azərbaycan mütəfəkkirləri haqqında ensiklopedik bir külliyyatdır. Kitablarda qırmızı xətt odur ki, bütün mütəfəkkirlər bütöv Azərbaycan Türk identikliyi formasında verilib. Yəni tarixən bu torpaqlar Türk dövlətləri idarə edib ki, buranın İran adlanması isə yalnız Pəhləvilər dövründə baş verib. Müəllif də, Azərbaycan Türk mütəfəkkirlərini yalnız Quzey Azərbaycan xalqının deyil, bütöv Azərbaycan xalqının aydınları şəkilində araşdırıb.
Siyasi elmlər doktoru Ramilə Dadaşova, fəlsəfə doktorları Məhəmməd Cəbrayılov, Şölət Zeynalov, Vaqif Abışov, Aygün Xəlilqızı, Zeynəddin Şabanov, Əzizağa Ələkbərov, ADNSU THİK Kitab Klubunun sədr müavini Azər Bədəlov, BDU-nun müəllimi Elçin Sərdarov və digər iştirakçılar müəllifi təbrik edərək kitab haqqında fikir və mülahizələrini bölüşüblər.
Sonda müəllif – Faiq Ələkbərli təqdimata gələn hər bir kəsə minnətdarlığını bildirib.
XQ