Bu adı onlara Ulu öndər verib
Artıq 55 ildir ki, “Nənələr” folklor və rəqs qrupu bayram şənliklərində, el məclislərundə könül açan ifaları ilə insanlara sevinc bəxş edir. Özfəaliyyət kollektivi kimi, Lənkəran rayonunun Separadi kəndində yaranıb. Ansambl 6 nəfərdən ibarətdir: bacı olan 2 qaynana, onların 2 gəlini və gəlinlərin gəlinləri.
Heç birinin musiqi təhsili yoxdur. Qaldı ki, valideynləri ifaçı olublar. Elə sənəti də uşaq vaxtı onlardan öyrəniblər. Qrup 1997-ci ilə kimi 4 bacıdan ibarət olub və “Bacılar” adı ilə fəaliyyət göstərib. “Nənələr” adını ilk dəfə həmin il Lənkəranda səfərdə olan ulu öndər Heydər Əliyev təklif edib. İfaçılar bu gözəl təklifi dərhal qəbul edərək, dönüb “Nənələr” olublar.
Mədəniyyət nazirliyi tərəfindən qrupa “Xalq kollektivi” adı verib. “Nənələr”in ifasında Azərbaycan və talış dillərində olan 100-ə qədər mahnı və bayatı var. Bunlara misal olaraq “Ay lolo”, “Gəl, gözəlim, naz eləmə”, “Mirvari gəlin”, “Almanı alma, gəlin”, “Yar bağa gəldi”, “Bulaq başında”, “Gəlin”, “Kinəlim-kinəlim”, “Maralı göndər bizə”, “Verin bizim gəlini”, “Əllərə xına çəkərlər”, “Yar-yar”, “Can gülüm”, “Bülbüllər oxuyur” mahnılarını göstərmək olar. Ən məşhuru, nənələrin bir növ “vizit kartı” saydığı “Ay lolo” mahnısıdır. Bu mahnı 2012-ci ildə “Grand” mükafatına layiq görülüb.
Qrupun üzvləri Xanımbacı Quliyeva, Qızbəs Əhədova, Gülbəzək Kərimova, Şərəf Məmmədova, Rübabə Kərimova və Bacıgül Rzayevadır. Ən yaşlı ifaçı Xanımbacı nənənin 91 yaşı var. Deyir ki, uşaq olanda analarımız bizi bir yerə yığıb və oxuyub-oynamışıq. İndinin özündə də belədir. Tez-tez bacılardan birinin evində, həyətində oturub məşq edirik. Mahnı oxuyan zaman iki bacının əlində barmaqla çalınan musiqi aləti – dəf olur. Bir çox bölgələrə toy məclislərində iştirak etmək üçün də dəvətlər alırıq.
“Nənələr” dəfələrlə respublika telekanallarının qonağı olub, həmçinin bütün musiqi festivallarına dəvət edilirlər. “Nənələr” 2021-ci ilin mayında Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalında da iştirak ediblər.
Onu da bildirək ki, indi Lənkəranda “Nənələr”lə bərabər, “Nəvələr” də var və tez-tez səhnəni bölüşürlər.
Zəfər ORUCOĞLU