Tanınmış şair-publisist Faiq Balabəyli neçə-neçə maraqlı poeziya, nəsr və publisistik kitabların müəllifi, AYB-nin üzvü, “Ədəbiyyat qəzeti”nin redaksiya heyətinin üzvü, Müstəqil.az saytının təsisçisi və baş redaktoru, gəmi kapitanı, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədridir. Onun 60 illik yubileyinə həsr olunmuş “Bu ömür yaman tələsdi” adlı kitab isə bugünlərdə oxucuların ixtiyarına verilib.
Yeni kitabda tələsən bir ömrün dolaylarındakı çox maraqlı məqamlar əksini tapıb. Elə kitabdakı yazıların birində deyildiyi kimi, Faiq Balabəyli 60 ildə mürəkkəb bir yaşam trayektoriyası cızıb, Cəlilabad rayonunun Sabirabad kəndindən ədəbiyyatın ağuşuna, ədəbiyyatdan dənizə, dənizdən mətbuata, arada bir dəfə Bayıla sözlə günah çəkməyə, sonradan hamısını bir yerdə yaşatmağa qədər yol qət edib. Ən doğrusunu da özü yazıb:
Məni çağırdılar, yoxsa dayandım,
Məni oyatdılar, yoxsa oyandım,
Üz tutub keçdiyim yollara baxdım –
Yollar duman idi, yollar çən idi,
Səksəkə içində bir az duruxdum.
O yola, yolağa qayıtmaq çətin,
O yola, yolağa dönmək əbəsdi,
Bu ömür deyəsən yaman tələsdi.
Şərif Ağayarın redaktorluğu ilə “Qanun” nəşriyyatında nəfis tərtibatla çap olunan kitabda xalq şairi Sabir Rüstəmxanlı, Milli Məclisin deputatı Fazil Mustafa, filologiya elmləri doktorları Vaqif Yusifli, Mahirə Nağıqızı, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, şairin çoxsaylı qələmdaşları və dostlarının ürək sözləri, onun yaradıcılığı haqqında düşüncələri yer alıb.
Bütün ömrü söz dənizinin – sözlə dənizin qoynunda keçən Faiq Balabəylinin haqqında yazılmış bu kitabın da maraqla qarşılanacağına inanmaq istəyirik.
XQ