Azərbaycan Konstitusiyası etnomədəni müxtəlifliyin qarantdır

post-img

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun ölkə mediasında yayılmış“Konstitusiya etnomədəni müxtəlifliyin qarantı kimi” sərlövhəli məqaləsinini aktuallığını nəzərə alaraq XQ-nin oxucularına təqdim edirik.

Yazıda bildirilir ki, etnomədəni müxtəliflik cəmiyyətin sosial, mədəni və iqtisadi strukturunu formalaşdıran əsas amillərdəndir. Bu müxtəliflik hər bir dövlətin tarixindən, coğrafiyasından, dövlət quruluşundan, daxili və xarici siyasətindən qaynaqlanır. Azərbaycan çoxsaylı etnik və dini qrupların bir arada yaşadığı çoxmədəniyyətli bir ölkə olaraq etnomədəni müxtəlifliyi özünün zəngin sosial bazasının əsas hissəsi hesab edir. Azərbaycan cəmiyyətinin inkişafında, eyni zamanda, ölkənin milli kimliyinin formalaşmasında etnomədəni müxtəliflik mühüm rol oynayır. 

Dövlətin etnomədəni müxtəlifliyinin qorunması, təşviq edilməsi, multikulturalizmi və tolerantlığı artırır. Fərqli etnik və dini azlıqların bir arada yaşaması, qarşılıqlı hörmət və anlayışın yaranmasına gətirib çıxarır, bu da sosial sabitliyi təmin edir.

Lakin tarixi prosesdə formalaşan etnomədəni müxtəliflik və onun əsasını təşkil edən etnomədəni dəyərlər dövlət tərəfindən tənzimlənməyəndə və ya düzgün tənzimlənməyəndə ciddi problemlər yaranır, hətta münaqişələrə səbəb olur. Ona görə də etnomədəni müxtəlifliyin düzgün tənzimlənməsi hər bir multikultural dövlət üçün böyük əhəmiyyət daşıyır. Bunun üçün ən mühüm addım etnomədəni müxtəlifliyin hüquqi təminatlara əsaslanması, yəni dövlətin konstitusiyasında və qanunvericiliyində etnik və mədəni azlıqların bərabər hüquqlarının tanınması, onların mədəniyyətlərinin qorunması və inkişaf etdirilməsi üçün şəraitin yaradılmasıdır.

Məqalədə daha sonra deyilir ki, müasir dövrdə hər bir dövlətin uğuru yalnız iqtisadi və siyasi göstəricilərlə deyil, həm də onun sosial inklüzivliyi, fərqli qruplara olan münasibətilə ölçülür. Dövlətlər həm milli qanunvericiliklə, həm də beynəlxalq müqavilələrlə etnik və mədəni azlıqların hüquqlarını qorumağa və onların müxtəlif imtiyazlarını təmin etməyə borcludurlar. Azərbaycan da etnik və mədəni azlıqların hüquqlarının qorunmasına xüsusi önəm verir. Dövlətin əsas məqsədi müxtəlif etnik azlıqların mədəniyyətlərini, dillərini, adət-ənənələrini qorumaq, onların hüquqlarını təmin etmək və sosial sabitliyi qorumaqdır. 

Azərbaycanın müstəqilliyinin bərpa olunmasının ilk illərində etnik və mədəni azlıqların hüquqlarının qorunması istiqamətində mühüm işlər görüldü. Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə müxtəlif etnik azlıqların və dini icmaların bir arada yaşaması və bərabər hüquqlara malik olması məqsədilə vacib hüquqi və sosial addımlar atıldı. Bu addımlardan ən önəmlisi 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunması idi. Konstitusiyanın qəbulu Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. 

Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi. Konstitusiya, eyni zamanda, etnik və dini azlıqların hüquqlarını qorumaq üçün güclü hüquqi və institusional baza yaradıb. Burada insan və vətəndaş hüquqlarının qorunması ilə bağlı çoxsaylı müddəalar yer alır ki, bunlar etnik və mədəni müxtəlifliyin qorunmasına və təşviqinə yönəldilib. 

Konstitusiyanın 25-ci maddəsinin 3-cü bəndində göstərilir: “Dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”. Burada dövlətin hər bir vətəndaşı üçün bərabər şəkildə tanınır və dövlət onların qorunmasına zəmanət verir. Bu bənd göstərir ki, bütün insanlar, sosial və hüquqi vəziyyətlərinə görə heç bir ayrı-seçkiliyə məruz qalmamalıdırlar.

Konstitusiyanın 21-ci maddəsinin 2-ci bəndi qeyd edir ki, Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir. 45-ci maddəsi hər kəsin ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüquqlarının olduğunu təsbit edir, vurğulayır ki, heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz.

Nəzərə alsaq ki, hazırda Azərbaycanda kompakt halda yaşayan 30-dan artıq etnik azlıq var və bu azlıqların hər biri öz dillərində sərbəst şəkildə danışırlar. Onların konstitusiyanın verdiyi hüquqlara əsasən öz dillərində təhsil almaq, radio və televiziyada öz dillərində səslənən proqramları izləmək, ana dilində mütəmadi olaraq kitablar, jurnallar, dərsliklər nəşr etdirmək imkanları var.

44-cü maddədə isə göstərilir ki, hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır (bənd 1), heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz (bənd 2). Yəni, hər bir şəxs öz etnik mənsubiyyətini, dilini, mədəniyyətini və ənənələrini qorumaqda sərbəstdir. Bu hüququn təmin edilməsi, şəxsin öz kimliyini, mədəni dəyərlərini və ənənələrini sərbəst şəkildə yaşatmasına imkan verir.

Vurğulanır ki, Azərbaycan Konstitusiyasının etnomədəni müxtəlifliyi qorumaqla bağlı müddəaları yalnız hüquqi təminatlar təqdim etmir, həm də bunun praktiki tətbiqini həyata keçirəcək mexanizmləri təsbit edir. Bununla bağlı dövlətin müvafiq qurumları, etnik və dini azlıqların hüquqlarını təmin etmək üçün müəyyən strukturlar yaradılıb. Bu strukturlar arasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi xüsusilə önəmli yer tutur.

Mərkəz, Azərbaycanın multikulturalizm siyasətinin tətbiqi və bu sahədə beynəlxalq əməkdaşlıq üçün mühüm bir platformadır. Mərkəz Azərbaycan Respublikasının multikulturalizm siyasətini təbliğ etmək, müxtəlif etnik və dini qrupların hüquqlarını qorumaq, onların mədəniyyətlərini inkişaf etdirmək və bu mövzuda beynəlxalq səviyyədə təcrübə mübadiləsi aparmaq məqsədilə yaradılıb. Azərbaycan Respublikası Konstitusiyasının etnik və dini azlıqların hüquqlarını qorumaqla bağlı müddəalarını təbliğ edir və bu istiqamətdə Azərbaycanda yaşayan etnik və dini azlıqların mədəniyyətlərinin qorunması və inkişafı ilə bağlı mühüm addımlar atır. Eyni zamanda, Mədəniyyətlərarası dialoq və əməkdaşlıq məsələlərini gündəmə gətirərək, azsaylı xalqların və dini icmaların mədəni irsinin qorunmasına dəstək verir.

Bildirilir ki, bu gün Prezident İlham Əliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasətini uğurla davam etdirir, Azərbaycanda etnik və dini müxtəlifliyin qorunmasına xüsusi önəm verir. Hazırda Azərbaycan iki fərqli sivilizasiya arasında körpü rolunu oynamaqla, Şərq və Qərbin qovuşuğunda öz nüfuzunu gücləndirməkdədir. İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə multikulturalizm alternativi olmayan həyat tərzinə çevrilib. 

Prezident hər zaman çıxışlarında multikulturalizmin Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğulayır: “Multikulturalizm və tolerantlıq xalqımızın həyat və yaşam tərzini özündə əks etdirən mühüm dəyərlər olmaqla yanaşı, Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindəndir”. Bu yanaşma, Azərbaycanın fərqli xalqlar və mədəniyyətlər arasında əlaqələri gücləndirməsinə və ölkənin sabitliyini qorumağa xidmət edir. Azərbaycanın multikulturalizm və tolerantlıq prinsipinə verdiyi önəmi vurğulayan bu fikir Azərbaycan Respublikası Konstitusiyasında hüquqi təsbitini tapıb.

Məqalənin sonunda diqqətə çatdırılır ki, Azərbaycan Respublikası qanunvericiliyinin hüquqi bazası rolunu oynayan Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu Sərəncam ölkənin müstəqilliyi və suverenliyinin qorunmasının, habelə Konstitusiyanın tətbiqinin vacibliyini vurğulayan mühüm bir addımdır. Çünki Konstitusiya Azərbaycanın suverenliyinin təmin olunmasında əsas hüquqi bazadır, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının hüquq və azadlıqlarının təmin edilməsinin təməlidir.

Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

XQ

Mədəniyyət