Hollandiyanın müdafiə naziri Ruben Brekelmans bildirib ki, Aİ və ABŞ Kiyev üçün sülhə nail olmaq məqsədilə təhlükəsizlik təminatının necə yaradılmasını müzakirə etməlidir, lakin, eyni zamanda, Ukraynaya hərbi dəstək davam etdirilməlidir.
Brekelmans CNN-ə Pentaqon rəhbərinin çıxışını şərh edərkən, "Davamlı sülh yalnız etibarlı təhlükəsizlik zəmanətləri ilə mümkündür. Biz müttəfiqlərimizlə bu təhlükəsizlik təminatlarını necə yarada biləcəyimizi müzakirə etməliyik. Lakin qısa müddətdə Ukraynanı dəstəkləməyə davam etməliyik, çünki döyüşlər davam edir, buna görə də dayana bilmərik" deyib.
O bildirib ki, Heqsetin bəyanatlarına əsaslanaraq, Aİ və ABŞ-ın birgə işləyə biləcəyi bir çox məsələlər var və bunda birlik nümayiş etdirmək lazımdır.
“Biz bu etibarlı təminatları yaratmaq üçün birlikdə çalışmalıyıq və eyni zamanda, Ukraynanı hərtərəfli dəstəkləməyə davam etməliyik”, - nazir əlavə edib.
Bundan əvvəl Pentaqonun katibi Pit Heqset Ukraynaya yardım üzrə təmas qrupunun iclasının açılışında bildirib ki, ABŞ Ukraynanın NATO-ya üzvlüyünün Rusiya ilə münaqişənin diplomatik yolla həllinin real nəticəsi olduğuna inanmır. O, həmçinin əlavə edib ki, Avropa Ukraynaya gələcək hərbi və qeyri-hərbi yardımın əsas hissəsini öz üzərinə götürməlidir və ABŞ ora qoşun göndərməyəcək.
S.ELAY
XQ