14 fevral – Beynəlxalq kitab bağışlama günüdür. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır.
Bu bayramın əsas məqsədi adından da göründüyü kimi kitab bağışlayaraq, gənc nəsillərin mütaliəyə olan həvəsini daha da artırmaqdır. Beləliklə, uşaqlarda kitaba məhəbbət yaranır, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci formalaşır.
Bu münasibətlə dünyanın bir çox ölkəsində kitab bağışlama aksiyaları, tədbirlər və sərgilər təşkil edilir.
Milli Kitabxanada “14 fevral – Beynəlxalq kitab bağışlama günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.
Virtual sərgidə intellektual inkişaf və yüksək bədii zövqün formalaşmasında kitabın rolu, uşaqlar və mütaliə, kitab bayramları, oxu mədəniyyəti, söz, kitab, mütaliə, kitabxana və s. haqqında dövri mətbuatda çap olunan məqalələr, Azərbaycan və xarici dillərdə kitablar nümayiş olunur.
Virtual sərgi ilə https://anl.az/el/vsb/Beynelxalq_Kitab_Bagislama_Gunu/index.htm linkindən istifadə edərək tanış ola bilərsiniz.