Azərbaycan Avstraliyada Beynəlxalq Multikultural Festivalda təmsil olunub

post-img

Azərbaycan Avstraliya İttifaqının Kanberra şəhərində keçirilən ənənəvi Beynəlxalq Multikultural Festivalda təmsil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Avstraliya-Azərbaycan Mədəniyyət Assosiasiyası”nın təşkilatçılığı ilə keçirilən tədbirə Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı müvəqqəti işlər vəkili Vaqif Cəfərov, eləcə də Sidney, Melburn və Brisbon şəhərlərindən gələn diaspor nümayəndələrimiz qatılıb. Festivalda Azərbaycana aid guşə yaradılıb, əcnəbilərə milli rəqsimiz “Yallı”nın ifası öyrədilib.

Ruslan Elmanlının aparıcılıq etdiyi tədbirdə milli rəqslərimiz nümayiş olunub, mahnılarımız səsləndirilib. Əməkdar artisti, xoreoqraf Sevinc Hüseynli “Sarı Gəlin”, Reza Xodayari “Şalaxo”, Məhsa Qənbəri “Sevgili Canan”, Reza Xodayari ilə Məhsa Qənbəri birlikdə “Dərbəndi” rəqslərini ifa ediblər. Soydaşlarımız Ülviyyə Afari “Dağlarda duman gözəldir”, Şəhla Elmanlı isə “Azərbaycan” mahnılarını oxuyublar.

P.ƏMİRCANOV

XQ

 

 

 



Mədəniyyət